Qayıdış şəhadətnaməsinin verilməsi üçün tələb olunan sənədlər
Şəhadətnamənin alınması üçün doldurulmuş ərizə-anket (nümunəsi əlavə olunur) Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna təqdim edilir.
Şəhadətnamənin verilməsi haqqında ərizə-anketə aşağıdakı sənədlər və ya onların surətləri əlavə edilməlidir:
- pasport yararsız hala düşdükdə, səhifələri dolduqda və ya onun etibarlılıq müddəti bitdikdə - pasportun özü və surəti;
- pasport itdikdə və ya oğurlandıqda, pasportun surəti və pasportun itirildiyini və ya oğurlandığını təsdiq edən polisin müvafiq arayışı;
- 2 (iki) ədəd rəngli fotoşəkil (3x4 sm ölçüdə);
- üzərində fotoşəkil olan aşağıdakı sənədlərdən biri - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, Azərbaycan Respublikası tərəfindən verilmiş hərbi bileti, Azərbaycan Respublikası tərəfindən verilmiş sürücülük vəsiqəsi və ya şəxsiyyətini və ya vətəndaşlığını müəyyənləşdirən digər rəsmi sənədin surəti;
- 10 ABŞ dolları dövlət rüsumunun Səfirliyin aşağıdakı hesabına ödənilməsi haqqında sənəd.
Unicredit Banca di Roma
Numero conto: 0000400992178
IBAN: IT 67 C 02008 05001 000400992178
Diplomatik və ya xidməti pasporta malik olan, xarici ölkələrdə təhsil alan (müvafiq təsdiqedici sənəd təqdim edildikdə), dövlət xətti ilə pedaqoji fəaliyyət göstərən, xarici ölkələrin cəzaçəkmə müəssisələrindən azadlığa buraxılan, xarici ölkələrdən deportasiya, readmissiya, ekstradisiya edilən, insan alveri qurbanı olan, yaxud 18 yaşına çatmayan Azərbaycan Respublikasının vətəndaşlarına ölkəyə qayıtmaq üçün pasportu əvəz edən qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmur. Yuxarıda göstərilən hallardan başqa digər hallarda xarici ölkədə ümumvətəndaş pasportunu itirmiş və ya həmin pasportu oğurlanmış Azərbaycan Respublikasının vətəndaşı bu barədə xarici ölkənin müvafiq polis orqanı tərəfindən verilmiş təsdiqedici sənəd təqdim etdikdə ona qayıdış şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu tutulmur.
Ümumi məlumatlar
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 10-cu maddəsinə əsasən və “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə”yə uyğun olaraq:
İtaliyada daimi yaşayan, etibarlıq müddəti bitmiş, yararsız hala düşmüş və ya səhifələri dolmuş pasport sahibləri, eləcə də xarici ölkə ərazisində pasportunu itirmiş və ya oğurlanmış Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikasında daimi qeydiyyatda olan vətəndaşlığı olmayan şəxslərin ölkəyə qayıtmaq hüququ Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi əsasında həyata keçirilir.
Qayıdış şəhadətnaməsi - Azərbaycan Respublikası vətəndaşının və Azərbaycan Respublikasında qanuni əsaslarla daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən rəsmi sənəddir.
Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin iki növü var:
- Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulan qayıdış şəhadətnaməsi (AA seriyalı);
- Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün nəzərdə tutulan qayıdış şəhadətnaməsi (AB seriyalı).
Qanunvericiliklə müəyyən olunmuş məsuliyyət və məhdudiyyətlər
Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi əsasında Azərbaycan Respublikasına qayıdan şəxs Azərbaycan Respublikasının ərazisinə qayıtdığı vaxtdan 20 gün müddətində bu şəhadətnaməni ona pasport verən Azərbaycan Respublikasının müvafiq dövlət orqanına təhvil verməlidir.
Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsini almaq üçün müraciət edən şəxs özü barəsində bilərəkdən yanlış məlumat verərsə, ona şəhadətnamə verilməsindən imtina olunur və bu barədə yazılı cavab verilir. Şəhadətnamənin verilməsinə imtina edildikdə şəxslər bu barədə qanunvericiliklə müəyyən edilmiş qaydada şikayət edə bilərlər.
Şəhadətnamənin verilməsi haqqında ərizə-anket Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda qeydiyyata alınır.
Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs tərəfindən göstərilən sənədlər təqdim edildikdən sonra Şəhadətnamə ərizə-anket qeydiyyata alındığı vaxtdan ən geci 3 təqvim günü müddətində verilir.
Azərbaycan Respublikası vətəndaşının və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən müvafiq sənədlər mövcud olmadıqda, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsulluğu onun özü barəsində təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi vasitəsilə, müstəsna hallarda isə birbaşa Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə sorğu göndərir.
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti qısa müddət ərzində (3 iş günündən çox olmamaq şərtilə) sorğunun icrası ilə bağlı müvafiq yoxlamalar aparır və əldə olunmuş nəticələr barədə məlumatları Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və ya konsulluğuna bildirir.
Azərbaycan Respublikası vətəndaşının və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin özləri barəsində təqdim etdikləri məlumatların düzgünlüyü təsdiq edildikdə, onlara 3 təqvim günü müddətində Şəhadətnamə verilir.
Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə Şəhadətnamə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin razılığı ilə verilir.