“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Vətəndaşlığa Bərpa

Azərbaycan Respublikasının vətəndaşlığına bərpa

Əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş və ya Azərbaycan Respublikası vətəndaşlığına xitam verilmiş şəxsin öz vəsatəti əsasında Azərbaycan Respublikası vətəndaşlığına bərpa edilə bilər.

Azərbaycan Respublikasının vətəndaşlığına bərpa üçün tələb olunan sənədlər

  1. Azərbaycan Respublikası Prezidentinin adına yazılmış ərizə-anket
  2. 4 ədəd 3x4 sm fotoşəkil
  3. Şəxsiyyəti təsdiq edən sənədin surəti
  4. Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi barədə sənəd
  5. Ailə tərkibi haqqında arayış
  6. QİÇS müayinəsindən keçməsi və sağlamlıq haqqında arayış (vətəndaşlığa bərpa olunmaq üçün müraciət edən şəxs respublikanı tərk etməyibsə, bu sənəd tələb olunmur)
  7. Dövlət rüsumunun ödənilməsi

Azərbaycan Respublikasının vətəndaşlığına bərpa haqqında vəsatətin rədd edildiyi hallar

Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilməsi barədə vəsatət qaldıran şəxs Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş dövlət quruluşunu zorakılıqla dəyişdirməyə, Azərbaycan Respublikasının ərazi bütövlüyünü pozmağa çağırışlar edərsə, dövlət təhlükəsizliyinə, ictimai asayişin qorunmasına, əhalinin sağlamlığına və ya mənəviyyatına zərər vuran fəaliyyət göstərərsə, irqi, dini və milli müstəsnalığı təbliğ edərsə, terrorçuluq fəaliyyəti ilə əlaqəsi olarsa, vətəndaşlığa bərpa haqqında vəsatəti rədd edilir. 
Vətəndaşlıq məsələləri ilə əlaqədar vəsatəti rədd edilmiş şəxs vəsatətin rədd edilməsinə səbəb olan halları aradan qaldırdıqdan sonra təkrar müraciət edə bilər.

Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi, bərpası və ya vətəndaşlığa xitam verilməsi barədə qərarı Azərbaycan Respublikasının Prezidenti qəbul edir. Qəbul edilmiş qərar barədə vəsatət qaldıran şəxsə Baş Konsulluq tərəfindən yazılı məlumat verilir.

Diqqət! Sənədlərin poçt vasitəsi ilə geri göndərilməsi üçün müraciətə poçt xərcləri ödənilmiş zərfin əlavə edilməsi xahiş olunur. Zərfin üzərinə dəqiq ünvanınızın yazılması və ödəniş markasının yapışdırılmasına nəzarət edin.

Sənədlərin poçt vasitəsi ilə göndərilməsi zamanı itirilməsi və yaxud yararsız hala düşməsinə görə Səfirlik məsuliyyət daşımır.

Sənədlər tam və düzgün tərtib edilmədiyi təqdirdə icraya qəbul olunmadan ərizəçiyə geri qaytarılacaqdır.

 

Azərbaycan Respublikası vətəndaşlığına bərpa haqqında vəsatətə baxan orqanlar

Azərbaycan Respublikası vətəndaşlığına bərpa barədə vəsatətlə müraciət edirlər:

  • Azərbaycan Respublikasının ərazisində yaşayan şəxslər – Dövlət Miqrasiya Xidmətinə
  • xarici dövlətlərdə yaşayan şəxslər isə – Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə və ya konsulluqlarına.

Azərbaycan Respublikası vətəndaşlığına bərpa barədə Azərbaycan Respublikasının xaricdə olan diplomatik nümayəndəliklərinə və konsulluqlarına daxil olmuş sənədlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə göndərilir.

Azərbaycan Respublikası vətəndaşlığına bərpa haqqında qərar Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 20-ci bəndinə müvafiq surətdə Azərbaycan Respublikası Prezidenti tərəfindən qəbul olunur.

Belə ki, Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının əsaslandırılmış rəylərinə baxılaraq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq Məsələləri Komissiyanın qəbul etdiyi qərar əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən şəxsin Azərbaycan Respublikası vətəndaşlığına bərpası barəsində müvafiq sərəncam verilir.

Azərbaycan Respublikası vətəndaşlığına bərpa haqqında vəsatətə baxılma müddəti və nəticələri

Vətəndaşlıq məsələləri ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş, yəni yuxarıda sadalanan sənədlər fiziki şəxslər tərəfindən əlaqədar dövlət orqanına təqdim ediləndən sonra ərizə-anket icraata qəbul edilmiş sayılır və baxılma müddəti həmin vaxtdan başlayır. Vətəndaşlıqla bağlı qaldırılmış vəsatətlərə əlaqədar dövlət orqanlarının hər biri tərəfindən 1 ay (ümumilikdə 6 ay) müddətində baxılır. Azərbaycan Respublikası vətəndaşlığına bərpa edilməsi ilə bağlı verilmiş müraciətlərə baxılmasının nəticələri barəsində vəsatət qaldıran şəxslərə Səfirlik tərəfindən yazılı məlumat verilir.



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti