“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
AZƏRBAYCAN-BMT-nin ÜMUMDÜNYA ƏRZAQ PROQRAMI (WFP)

 

Azərbaycan Respublikası və BMT-nin Ümumdünya Ərzaq Proqramı

(ÜƏP) arasında əməkdaşlıq

ÜƏP-in Azərbaycandakı ofisi 1993-cü ildən fəaliyyətə başlamışdır. ÜƏP-in Azərbaycanda həyata keçirilən bütün layihələri qaçqın və məcburi köçkünlərə yardım məqsədi daşıyan layihələr olmuşdur. Proqramın ölkəmizdə layihələri 1994-cü ildən başlamışdır. 1994-2008-ci illər müddətində Azərbaycanda qaçqın və məcburi köçkünlərin ərzaq yardımı ilə təmin edilməsi məqsədilə ÜƏP tərəfindən təqribən 120 milyon ABŞ dolları həcmində yardım göstərilmişdir. Faydalananların toplam sayı təqribən 200 min nəfərə bərabər olmuşdur.

1993-99-cu illər ərzində həyata keçirilmiş ÜƏP-in Böhran vəziyyəti proqramı çərçivəsində 5 layihə və 1999-2008-ci illər ərzində ÜƏP-in Uzadılmış yardım və yenidənqurma fəaliyyəti proqramı çərçivəsində təqribən 3 layihə həyata keçirilmişdir. Qeyd edilən layihələr qaçqın və məcburi köçkünlərin məskunlaşdığı 11 əsas məntəqədə (İmişli, Saatlı, Əli-Bayramlı, Kürdəmir, Beyləqan, Ağcabədi, Mingəçevir, Yevlax, Şəki, Bərdə, Tərtər) icra edilmişdir. ÜƏP 2000-ci illərdən Azərbaycanda fəaliyyətini ərzaq yardımından bərpa əməliyyatlarına keçirmişdir.

2005-ci ilin 25 fevral tarixində AR Prezidenti cənab İlham Əliyevin İtaliyaya rəsmi səfəri çərçivəsində ÜƏP-in icraçı direktorunun müavini Con Pauell ilə görüşü keçirilmişdir. 2005-ci ilin 8-15 may tarixlərində ÜƏP/UNDP/UNICEF birgə missiyası Azərbaycana səfər etmişdir. Səfər zamanı AR Prezidenti, aidiyyəti dövlət qurumları və QHT-lər ilə görüşlər keçirilmiş, regionlara səfərlər edilmişdir. 2006-cı ilin 25-28 iyul tarixlərində ÜƏP-in icraçı direktoru Ceyms Morris Azərbaycana səfər etmişdir. Səfər zamanı C.Morris AR Prezidenti və Baş nazirin müavini Ə.Həsənov ilə görüşmüş, Sabirabad, İmişli və Biləsuvar rayonlarına səfər etmişdir.

Azərbaycanın keçid dövrünü başa vuraraq son illər yüksək iqtisadi inkişafa nail olması və yoxsulluq səviyyəsinin azaldılması ölkədə qaçqın və məcburi köçkünlərin problemlərinin həllində və ərzaq təhlükəsizliyinin artırılmasında geniş imkanlar yaratmışdır. Bu amillər Azərbaycanın beynəlxalq aləmdə ianə alan ölkədən yeni yaranmaqda olan donor dövlətinə çevrilməsini şərtləndirmişdir. Bununla əlaqədar,  2009-cu ildən ÜƏP-in Azərbaycanda layihələri dayandırılmışdır. 2013-cü ilin martında ÜƏP-in Bakı ofisi bağlanmışdır.

2014-cü ilin yanvar ayında Azərbaycan Hökuməti Azərbaycan Beynəlxalq İnkişafa Yardim Agentliyi (AİDA) vasitəsilə ÜƏP tərəfindən Filippində daşqın fəlakətindən əziyyət çəkən əhaliyə təcili humanitar yardım proqramlarına dəstək olaraq 200 min ABŞ dolları məbləğində yardım göstərmişdir. Bu yardım Azərbaycanın ÜƏP çərçivəsində ölkə xaricinə yönəlmiş ilk yardımı hesab olunur. Bununla əlaqədar, Azərbaycan ÜƏP-in donorlar siyahısına daxil olmuşdur. 



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti