“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
Xarici dövlətin vətəndaşlığını qəbul etmək barədə məlumatları qeydə alınması

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-IQ nömrəli Qanununa (10-cu maddəsi – Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin vətəndaşlığına mənsubiyyətinin tanınmaması) əsasən:  

Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır.

 Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikası vətəndaşları 1 ay müddətində bu barədə yazılı məlumat verməlidirlər. Azərbaycan Respublikasının ərazisində yaşayan vətəndaşlar Dövlət Miqrasiya Xidmətinə, xarici dövlətlərdə yaşayan vətəndaşlar isə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsilə Xarici İşlər Nazirliyinə (Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və ya konsulluqlarının olmadığı ölkələrdə yaşayan şəxslər birbaşa Xarici İşlər Nazirliyinə) məlumat verirlər. Bunun üçün onlar nümunəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 29 yanvar tarixli 18 nömrəli qərarı ilə  təsdiq edilmiş ərizə-anketi (əlavə olunur) dolduraraq, onu internet informasiya ehtiyatı, poçt, elektron poçt vasitəsilə və ya şəxsən müvafiq dövlət orqanına təqdim etməlidirlər.

Şəxs müvafiq yazılı məlumatı aşağıdakı sənədlərə əsasən Azərbaycan Respublikasının xarici ölkələrdəki Səfirlik və ya Baş Konsulluqlarına təqdim etməlidir:

  1. Ərizə anket(Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il 29 yanvar tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş)
  2. Azərbaycan Respublikası ümumvətəndaş pasportunun surəti;
  3. Vətəndaşlığını əldə etmiş xarici ölkənin bu barədə verdiyi müvafiq sənədin surəti.


Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti