Romada yerləşən BMT Agentlikləri və COP sədrlikləri COP29 iclasından əvvəl kövrək şəraitdə iqlim dəyişikliyinə qarşı mübarizə və maliyyə vəsaitlərinin səfərbər edilməsi üçün səylərini birləşdirirlər
COP28 və COP29 konfransları arasındakı görüş iqlim və ərzaq böhranlarının həlli üçün iqlimə davamlı kənd təsərrüfatı və ərzaq sistemlərinin vacibliyini vurğulayır.
Bu gün Ümumdünya Ərzaq Proqramı (ÜƏP), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Beynəlxalq Kənd Təsərrüfatı İnkişafı Fondu (IFAD), COP28 və COP29 Sədrlikləri kövrək və münaqişə zonalarında uyğunlaşdırılmış və davamlı kənd təsərrüfatı və ərzaq sistemləri üçün iqlim fəaliyyətlərinin və maliyyələşdirmənin təcili olaraq artırılmasını tələb ediblər.
Bu çağırış COP29-a hazırlıq məqsədilə keçirilən Roma yüksək səviyyəli görüşü zamanı edilmişdir. Romada yerləşən BMT Agentlikləri, COP28 BƏƏ və COP29 Azərbaycan Sədrlikləri kövrək və münaqişə təsirinə məruz qalmış regionların hökumət nazirləri, donorlar, beynəlxalq maliyyə institutları, çoxtərəfli iqlim fondları və bir sıra iqlim, inkişaf, humanitar və sülh tərəfdaşları ilə görüşmüşdülər. Görüşün amalı dünyanın ən həssas ölkələrində dayanıqlı və tənzimlənən aqrosistemlər üçün iqlim tədbirlərini və maliyyələşdirməni artırmaq məqsədilə tədbirləri müəyyən etmək idi.
Həmçinin fermerləri lazımi vəsait və materiallar ilə təmin etməklə məhsuldarlığı artırmaq kimi dayanıqlılıq tədbirləri də daxil olmaqla ərzaq təhlükəsizliyinin təmin olunması və təcili ərzaq yardımına olan asılılığın azaldılması məsələləri də müzakirə edilmişdir.
Quraqlıq, quşaqurnası, sel suları, səhralaşma, tropik fırtınalar, istilik dalğaları və qeyri-müntəzəm yağış kimi ekstrim hava hadisələri davamlı olaraq kövrək və münaqişə təsirinə məruz qalmış regionlarda kəskin ərzaq qıtlığına səbəb olur və onlara ciddi ziyan dəyir. Buna baxmayaraq, ən həssas yerli icmalar özlərini qorumaq və dolanışıqlarına zərər və ziyan vurmamaq üçün ən az maliyyə vəsaiti alırlar. Bəzi hallarda, kövrək kontekstdə yaşayan bir şəxs, kövrək olmayan bir bölgədə yaşayan şəxsdən 80 dəfə az iqlim maliyyəsi alır.
2024-cü il Qlobal Ərzaq Böhranları Haqqında Hesabata əsasən, quraqlıq və daşqınlar kimi iqlim dəyişikliyi ilə bağlı təkanlar xüsusilə 18 ölkədə kəskin qida təhlükəsizliyinə səbəb olmuşdur. Bu isə 72 milyondan çox insana təsir etmiş, onların çoxu isə kövrək, münaqişə təsirinə məruz qalmış və ya münaqişə sonrası vəziyyətdə yaşayan insanlardır.
Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Sindi Makkeyn demişdir: “İqlim fəlakətlərini proqnozlaşdırmaq üçün elmimiz var və iqlim böhranının ön cəbhəsində yaşayan icmaların hazırlıqlı olmaqları üçün həll yollarımız var. Mən bu yaxınlarda Zambiyada idim və orada adətən ailələrini dolandıra biləcək qədər məhsul yetişdirən ümidsiz fermerlərlə görüşdüm. Bu il onlar heç nə yığmayıblar – məhsulları iqlim dəyişikliyi ilə daha da pisləşən quraqlıq tərəfindən məhv edilib. Bu fermerlər üçün iqlim maliyyəsi və tədbirləri çox vacibdir. Böhranlar başlamazdan əvvəl riskləri proqnozlaşdırmaq və qorunmanı artırmaq üçün ixtiyarımızdakı innovativ vasitələrdən istifadə etməliyik. Kövrək və münaqişə regionlarında davamlı aqrosistemlərin qurulması və maliyyələşdirilməsi, bir-biri ilə əlaqəli iqlim və ərzaq böhranlarına cavab vermək, ən çətin əldə edilən yerlər hesab olunan bölgələrdə milyonlarla insanın və icmaların həyatını və dolanışığını xilas etmək və yaxşılaşdırmaq üçün çox vacibdir”.
FAO-nun Baş direktoru Qu Donqyu: “İqlimə dayanıqlı aqro-ərzaq sistemlərinə sərmayə qoymaq iqlim və ərzaq böhranlarını aradan qaldırmaq üçün çox vacibdir. Ərzaq yetişdirmək və istehlak etmək üslubunun dəyişdirilməsi heç kəsi geridə qoymayaraq iqlim böhranının təsirlərini azaltmağa, biomüxtəlifliyi qorumağa, torpaqların keyfiyyətsizləşməsinin qarşısını almağa və hamı üçün ərzaq təhlükəsizliyini təmin etməyə yardım edir. Bu dəyişiklik erkən xəbərdarlıq sistemləri, ekosistemlərin və torpaqların bərpası, su resurslarının inteqrasiya olunmuş formada idarə edilməsi, yerli iqlimə davamlı toxum və alətlərin dəstəklənməsi, yığım sonrası itkilərin azaldılması, infrastruktur və sosial qorunmaya sərmayənin qoyulması kimi həll yollarını tələb edir”.
Ən əlçatmaz hesab edilən yerlərdə milyonlarla insanın və icmaların həyatını və dolanışıq vasitələrini xilas etmək və yaxşılaşdırmaqla kövrək və münaqişəli bölgələrdə dayanıqlı aqro-ərzaq sistemlərinin qurulması və maliyyələşdirilməsi bir-biri ilə əlaqəli iqlim və ərzaq böhranlarının həlli üçün çox vacibdir.
“İqlim təsirləri sürətləndikcə, kifayət qədər qida yetişdirmək və ya əldə etmək imkanlarını birdəfəlik itirmək riski altında olan milyonlarla insana daha çox sərmayə qoymağa təcili ehtiyac duyulur”, – deyə IFAD prezidenti Alvaro Lario bildirmişdir. “Bu xərclər illik 215 milyard ABŞ dolları ilə 387 milyard ABŞ dolları arasında qiymətləndirilməsinə baxmayaraq, kənd təsərrüfatı icmalarının iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün ən yaxşı fürsəti daha dayanıqlı, hərtərəfli və ədalətli ərzaq sistemlərinə uyğunlaşmaqdır. Bu, həm də təhlükəsizlik vəziyyəti qeyri-müəyyən olan ölkələr üçün də aktualdır. Belə sərmayələr nəinki ətraf mühit zərbələrinə qarşı davamlılığı artırır, həm də yerli institutları və idarəetməni möhkəmləndirir, sosial birliyi təşviq edir və dayanıqlı dolanışıq imkanları yaradır.”
Keçən il BƏƏ-nin COP28 sədrliyi tarixi İqlim Bərpası və Sülh Bəyannaməsini təqdim etmişdir. Bu bəyannamə, kövrəklik və münaqişəyə əsaslanan fəaliyyətdə və iqlim maliyyəsində bərabərsizliklərin siyasi tanınmasıdır. Bəyannamə siyasi islahatlar və 1.2 milyard ABŞ dolları məbləğində məqsədli iqlim maliyyəsi də daxil olmaqla “həllər paketi” ilə müşayiət olunmuşdur. Gələcək COP29 Sədrliyi fokusun sülhə və hamı üçün ərzaq təhlükəsizliyinə nail olmağa yönəlmiş olduğunu təsdiq etmişdir. Romada keçirilən görüşlərin məqsədi Bəyannamənin icrasını nəzarətdə saxlamaq və dünya liderləri Bakıda toplaşmadan əvvəl işi COP29 prioritetləri ilə uyğunlaşdırmaq idi.
Tədbirin sonuncu sessiyası COP29 gündəliyinə töhfələrə yönəlmişdir. Bu sessiyada kövrək şəraitdə iqlimə dayanıqlı kənd təsərrüfatını təmin etməkdə ən böyük çətinliklər qismində ərzaq təhlükəsizliyi, su çatışmazlığı və torpağa təhlükəsiz girişin təmin olunması kimi mühüm məsələlər müzakirə edilmişdir. Müzakirələr zamanı vurğulanmışdır ki, kövrək şəraitdə ərzaq təhlükəsizliyini artırmaq üçün layihələr hazırlanarkən və həyata keçirilərkən təhlükəsizlik təhdidləri, infrastrukturun dağıdılması, mina və digər təhlükəsizlik riskləri kimi faktorlar nəzərə alınmalıdır.
Azərbaycanın COP29 sədrliyinin baş müşaviri səfir Eldar İskəndərov bildirmişdir ki, bu tədbir Bakıda keçiriləcək iqlim sammitinin (COP29) Sülh və İqlim Bağlantısı mövzusunda Sülh Günü müzakirələrini birlikdə formalaşdırmaq, habelə Hökumətlərin, BMT Agentliklərinin, digər beynəlxalq təşkilatların, akademik dairələrin və vətəndaş cəmiyyətinin gələcək addımlarının planlaşdırılması və həyata keçirilməsində iştirakını və səsini artırmaq üçün vacib bir fürsət yaratmışdır.
Səfir İskəndərov bu birgə tədbirin müzakirələrindən yola çıxaraq demişdir: “COP29-un ev sahibi olaraq, Azərbaycan bu tədbirdə olan müzakirələri siyasi diqqətində saxlayacaq və tədbirlərin artırılması, ehtiyacların maliyyə həm də potensialın yaradılması imkanları, eləcə də yüksək humanitar ehtiyaclar və yüksək iqlim həssaslığı olan vəziyyətlərdə ən yaxşı təcrübələrlə daha yaxşı uyğunlaşdırılması üçün səylərin operativləşdirilməsini müdafiə edəcəkdir”.
“Müzakirələr əsasında biz başa düşdük ki, qida təhlükəsizliyinə fokus, eləcə də su qıtlığı və torpağa təhlükəsiz çıxış kimi qida təhlükəsizliyi üçün vacib sahələr, kövrək şəraitdə iqlimə davamlı kənd təsərrüfatını təmin etmək üçün praktiki və həll yönümlü nəticələr verə biləcək müzakirələrin və tədbirlərin təşkili COP29-un giriş nöqtəsi olacaqdır,” – deyə səfir İskəndərov tədbiri yekunlaşdırmışdır.
Səfir İskəndərov həm də həllərin yalnız “üçün” deyil, həm də ən həssas olan tərəflər tərəfindən “ilə” və “tərəfindən” tətbiq olunmasının vacibliyini vurğulayaraq, bu baxımdan Cənub-Cənub əməkdaşlığının yüksək dəyərini qeyd etmiş və bu müzakirənin təşkili üçün BƏƏ-nin COP28, ÜƏP və digər tərəfdaşların səylərini yüksək qiymətləndirmişdir.
Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirinin Enerji və Davamlılıq üzrə köməkçisi Zati-aliləri Abdulla Balalaa bu vacib gündəliyi irəlilətmək üçün dəstəyini yenidən ifadə etmişdir: "BƏƏ-nin COP28 İqlim Bərpası və Sülh Bəyannaməsinin icrası istiqamətində Hökumətlərin, iqlim fondlarının və maraqlı tərəflərin səylərini görmək çox həvəsləndirici haldır. Romada yerləşən BMT Agentliklərinin kövrək və həssas icmalarda, xüsusilə də COP29-a qədər olan aqro-ərzaq sistemlərində iqlim tədbirlərini artırmaq üçün praktiki nəticələr əldə etmək məqsədilə bizi bir yerə gətirmək təşəbbüsünü alqışlayırıq. Bu diqqət, BƏƏ-də keçirilən COP28-də 198 Tərəf tərəfindən BƏƏ Bəyannaməsinin imzalanması ilə nəticələnən COP prosesinin hamı üçün faydalı olmasını təmin etmək məqsədilə mühüm bir fürsətdir. Bu tarixi saziş iqlim problemlərini həll etmək üçün birgə qətiyyətimizi vurğulayır və dünya miqyasında transformasiyaedici tədbirlər üçün yol açır."