AZƏRBAYCAN-BMT-nin ƏRZAQ VƏ KƏND TƏSƏRRÜFATI TƏŞKİLATI (FAO)

Azərbaycan Respublikası və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında əməkdaşlıq

 Azərbaycan 1995-ci ilin 20 oktyabr tarixində FAO-ya üzv seçilmişdir.  

 FAO Azərbaycanda milli, regional və qlobal səciyyəli layihələr həyata keçirir. Sözügedən layihələr əsasən, kənd təsərrüfatının inkişafı, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, potensialın artırılması, resursların idarə edilməsi, heyvan və bitki xəstəliklərinə qarşı mübarizə, təchizat və digər müvafiq sahələrdə texniki yardımları nəzərdə tutur. Ümumilikdə, FAO çərçivəsində Azərbaycanda həyata keçirilməsi üçün hər biennium ərzində 2-3 yeni layihə təşəbbüsü irəli sürülür.

FAO-nun Azərbaycandakı layihələri Azərbaycan Hökümətinin prioritetləşdirilmiş ehtiyaclarına dair müraciətlərinə uyğun olaraq Texniki əməkdaşlıq proqramlarına əsaslanmışdır. 2009-cu ildən Azərbaycan Höküməti və FAO Azərbaycanın kənd təsərrüfatının inkişafı sahəsində FAO tərəfindən mümkün texniki yardımın göstərilməsi məqsədilə ölkəyə yardım proqramının hazırlanması prosesinə başlayır. Bu məqsədlə, Azərbaycan üçün  FAO-nun Milli Orta Müddətli Prioritetlər üzrə Çərçivə Sənədi hazırlanmışdır və müntəzəm surətdə Azərbaycanın prioritetlərinə uyğun olaraq yenilənməkdədir.

FAO ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin intensivləşdirilməsi məqsədilə, 2002-ci ilin dekabrında təşkilatın Azərbaycanda milli müxbiri vəzifəsi (National Correspondency) təsis edilmişdir. FAO-nun Bakıda ofisi təsis edildikdən sonra bu vəzifə ləğv olunmuşdur.

2007-ci ilin iyul ayında Ankara şəhərində FAO-nun Orta Asiya üzrə yeni Subregional Ofisi yaradılmışdır. Bu ofis 7 ölkəni əhatə edir: Azərbaycan, Türkiyə və Orta Asiya ölkələri. Struktur baxımından subregional ofis Budapeştdə yerləşən FAO-nun Avropa və Orta Asiya üzrə Regional Ofisinə tabedir. 

2007-ci ilin avqust ayında FAO-nun Orta Asiya üzrə Subregional Ofisinə daxil olan ölkələri arasında ilkin olaraq, Azərbaycanda FAO-nun Nümayəndəlik Ofisi (Representative Office) açılmışdır.

2005-ci ilin 25 fevral tarixində AR Prezidenti cənab İlham Əliyev FAO-nun Romadakı qərargahına səfər etmiş və təşkilatın sabiq baş direktoru Jak Diuf ilə görüşmüşdür. Görüş zamanı iki tərəf arasında əlaqələrin gücləndirilməsi perspektivləri, xüsusilə Azərbaycanın aqrar sektorunun inkişafı prosesinə FAO-nun cəlb edilməsi, kənd təsərrüfatının institutsional restruktruzasiyası, ölkəyə yeni texnologiyaların və investisiyaların gətirilməsi, ölkəmizdə ərzaq təhlükəsizliyi və yoxsulluğun azaldılması məsələləri müzakirə olunmuşdur.

 

2005-ci ilin 29 aprel tarixində J.Diuf Azərbaycan Respublikasına rəsmi səfər etmişdir. Səfər zamanı baş direktor AR Prezidenti cənab İlham Əliyev və hökumət üzvləri ilə görüşmüşdür. J.Diuf Azərbaycan Respublikası Kənd Təsərüffatı Akademiyasınin Elmi Şurasının fəxri doktoru diplomu ilə təltif olunmuşdur.

2012-ci ilin 19-20 aprel tarixlərində Bakı şəhərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 28-ci Avropa Regional Konfransı (ARK), bu tədbirdən bilavasitə əvvəl 17-18 aprel tarixlərində FAO-nun Kənd Təsərrüfatı üzrə Avropa Komissiyasının (KTAK) 37-ci sessiyası və 16 aprel tarixində FAO və qeyri-hökumət təşkilatlarının Avropa üzrə regional müşavirəsi keçirilmişdir. 28-ci ARK-da konfrans üzvü olan 52 ölkədən 46-nın nümayəndələri, o cümlədən 10 nazir və 13 nazir müavini, eləcə də FAO baş direktoru Joze Qratsiano da Silva iştirak etmişlər.

Tədbirlər müddətində AR Prezidenti cənab İlham Əliyev ilə FAO baş direktoru Jose Qratsiano Da Silva arasında görüş keçirilmişdir.

2014-cü ilin 15 iyul tarixində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev İtaliyaya rəsmi səfəri zamanı, həmçinin FAO baş direktoru ilə də görüşmüşdür. Görüş zamanı FAO ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və perspektivləri müzakirə olunmuşdur.

24-25 may 2015-ci il tarixində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Jose Qratsiano Da Silva Azərbaycanda səfərdə olmuşdur. Səfər çərçivəsində J.Q.Da Silva Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş, AR kənd təsərrüfatı naziri H.Əsədovla görüşmüş, Bakı Dövlət Universitetində (BDU) məruzə ilə çıxış etmiş və Universitetin elmi şurası tərəfindən Jose Qratsiano Da Silvaya fəxri doktor adı verilmişdir.

Səfər çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin yaradılması və texniki yardımın göstərilməsi haqqında Saziş” və “Azərbaycan Respublikası Hökuməti ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı haqqında Saziş” imzalanmışdır.

Tərəfdaşlıq proqramı Azərbaycan Hökumətinin ölkəmizdə və xaricdə kənd təsərrüfatının inkişafı üzrə texniki yardım layihələrinə fəal töhfəsini nəzərdə tutur.

Səfəri zamanı Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevaya aclıqla mübarizə, ərzaq təhlükəsizliyi, kənd təsərrüfatının, meşəçiliyin və balıqçılığın səmərəliliyinin artırılması və sağlam qida sistemlərinin yaradılması sahəsində verdiyi töhfəyə görə FAO-nun Xoşməramlı Səfiri adının təltif edildiyi FAO baş direktoru tərəfindən elan edilmiş və bununla bağlı müvafiq sənəd təqdim edilmişdir.

2 sentyabr 2015-ci il tarixində FAO-nun Xoşməramlı Səfiri xanım Leyla Əliyeva FAO-nun Mənzil-Qərargahına səfər etmiş və səfər çərçivəsində FAO baş direktoru Jose Qratsiano Da Silva və digər yüksək vəzifəli FAO rəsmiləri ilə görüşmüş və əməkdaşlıq mövzuları müzakirə edilmişdir. 

6 aprel 2017-ci il tarixində Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin, IDEA İctimai Birliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə aztəminatlı ailələr üçün meyvə bağlarının salınması layihəsi çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, FAO-nun xoşməramlı səfiri Leyla Əliyeva İsmayıllı rayonunda meyvə ağaclarının əkilməsi üzrə pilot layihəsi çərçivəsində keçirilən ilk tədbirdə iştirak etmişdir.

5-6 may 2017-ci il tarixlərində Bakı şəhərində keçirilmiş “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə FAO-nun baş direktorunun kabinetinin rəhbəri Mario Lubetkin Azərbaycana səfər etmişdir. M.Lubetkin  forumda Təşkilatın baş direktoru Joze Qratsiano da Silvanın müraciətini oxumuşdur. Forum çərçivəsində M.Lubetkin  xarici işlər naziri Elmar Məmmədyarov və Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və FAO-nun xoşməramlı səfiri Leyla Əliyeva ilə görüşmüşdür.

16 sentyabr 2019-cu il tarixində xarici işlər naziri Elmar Məmmədyarov Romada BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) baş qərargahında təşkilatın baş direktoru Qu Donyqu ilə görüşüb.

Arxiv üzrə axtarış