2024-09-20

İtaliyada Milli Musiqi Günü qeyd edilib

Azərbaycanda 18 sentyabr Milli Musiqi Günü kimi qeyd olunur. Bu tarix Azərbaycan klassik musiqisinin yaradıcısı, dövlət himninin müəllifi bəstəkar Üzeyir Hacıbəyovun doğum günü ilə bağlıdır.

18 sentyabr 1885-ci ildə Azərbaycanın dahi bəstəkarı, dirijoru və musiqişünası Üzeyir Hacıbəyov Azərbaycanın mədəniyyət paytaxtı və qədim Qarabağ xanlığının tarixi ürəyi olan Şuşa qəzasında anadan olmuşdur. Üzeyir Hacıbəyov Şərqdə ilk dəfə qadını səhnəyə çıxaran və opera janrının banisi kimi Azərbaycan musiqi tarixinə əvəzolunmaz töhfələr vermişdir.

Üzeyir Hacıbəyov Azərbaycan xalq ədəbiyyatını və musiqisini klassik qərb musiqisi ilə birləşdirərək klassik musiqini xalq arasında sevilməsinə çalışmışdır. Bu tərzdə qərb klassik musiqisinin Azərbaycan mədəniyyətində özünə məxsus bir yeri olmuşdur.

Şərqlə Qərbin kəsişməsində yerləşən Azərbaycanda 1908-ci ildə Üzeyir Hacıbəyov tərəfindən Müsəlman Şərqində ilk dəfə XVI əsr Azərbaycan şairi Məhəmməd Füzulinin eyniadlı poeması əsasında “Leyli və Məcnun” operası səhnələşdirilmişdir.

Ümumilikdə, o, 7 opera və 3 operetta yazmış, "romans-qəzəl" adlı kamera vokal musiqisinin yeni janrını kəşf etmişdir.

Beləliklə, 2009-cu ildən hər il sentyabrın 18-dən başlayaraq Azərbaycanda dahi şəxsiyyətin milli musiqinin tərəqqisindəki əvəzolunmaz xidmətlərini vurğulamaq məqsədi ilə bütün ölkə üzrə “Üzeyir Hacıbəyov Beynəlxalq Musiqi Festivalı” keçirilir. Bu il də 18-28 sentyabr tarixlərində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həm ölkə daxilində həm də xaricində müxtəlif mədəni tədbirlər təşkil olunur.

Bu çərçivədə 20 sentyabr tarixində Azərbaycanın İtaliyadakı Səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzində Ü.Hacıbəyovun eyniadlı operettası əsasında ekranlaşdırılmış məşhur "Arşın Mal Alan" filminin nümayiş baş tutmuşdur.

Tədbirdə diplomatik korpus nümayəndələri, İtaliyanın mədəniyyət və media işçiləri, tələbələr və İtaliyada yaşayan həmyerlilərimiz iştirak etmişlər. Nümayişdən öncə Azərbaycan Respublikasının İtaliya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanov çıxış edərək, Üzeyir Hacıbəyovun sənət və yaradıcılığı barədə təqdimat etmiş, onun dünya musiqisindəki mühüm rolundan danışmışdır. Film izləyicilər tərəfindən maraqla qarşılanmışdır.

Arxiv üzrə axtarış