Azərbaycan və İtaliyanın 60 şirkəti “Confindustria”da görüşüb
5 sentyabr 2024-cü il tarixində İtaliyanın paytaxtı Roma şəhərində Confindustria şirkətinin baş qərargahında enerji (bərpa olunan enerji mənbələri daxil olmaqla), infrastruktur və nəqliyyat, aqrar-sənaye, maşınqayırma, kimya və əczaçılıq kimi əsas sahələr üzrə əməkdaşlıq üçün ikitərəfli imkanları dərinləşdirmək məqsədi daşıyan “İtaliya-Azərbaycan Dəyirmi Masası” keçirilmişdir.
Təşəbbüs Confindustria tərəfindən Şirkətlər və Made in Italy Nazirliyi, Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Səfirliyi və AzPromo ilə birgə əməkdaşlıq çərçivəsində irəli sürülmüşdür. Tədbirə iki ölkə arasında artıq möhkəmlənmiş əlaqələrin inkişafında maraqlı olan 60-a yaxın Azərbaycan və İtaliya şirkətləri və assosiasiyaları cəlb edilmişdir. Tədbiri Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov, İtaliya Respublikasının Şirkətlər və Made in Italy naziri Adolfo Urso, İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyində Dövlət Katibinin müşaviri Ciorcio Silli, “Confindustria”nın İxrac və Sərmayələrin cəlb edilməsi üzrə Vitse-prezidenti Barbara Çimmino və “Confindustria” Prezidentinin enerji üzrə nümayəndəsi Aurelio Reginanın çıxışları açmışdır.
Görüş zamanı Confindustria və AzPromo iki istehsal sistemi arasında ikitərəfli əməkdaşlığı təkmilləşdirmək üçün Protokol imzalayıblar.
Nazir Mikayıl Cabbarov çıxışında biznes əlaqələri, sənaye, bərpa olunan enerji, infrastruktur, nəqliyyat, tekstil, kimya, əczaçılıq və digər prioritet sektorlarda əməkdaşlığın gücləndirilməsi məsələlərinə toxunmuşdur.
"AZPROMO Azərbaycan və İtaliya arasında güclü iqtisadi əlaqələrin təşviqinə və möhkəmləndirilməsinə tam sadiqdir. İyul ayında İtaliyaya səfərimizdən bəri biz bugünkü dəyirmi masada iştirak edən 16 Azərbaycan şirkətini diqqətlə kurasiya etmişik. Azərbaycan şirkətlərinin məqsədi təcrübə və bilik mübadiləsini asanlaşdırmaq, qabaqcıl texnologiyaların transferini dəstəkləmək, istehsal xətlərinin yaradılması və genişləndirilməsi üçün italiyalı həmkarları ilə sıx əməkdaşlıq etməkdir. Əminik ki, bu gün keçirilən müzakirələr İtaliyanın müxtəlif sektorlar üzrə təcrübəsindən və Azərbaycanın strateji mövqeyindən və əlverişli investisiya mühitindən istifadə etməklə ölkələrimiz arasında ticarət və investisiya imkanlarının genişləndirilməsinə mühüm töhfə verəcək”, - AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev bildirmişdir.
“Azərbaycan Avropa ilə Asiya arasında kəsişmənin ürəyidir və beynəlxalq ticarət yolları üçün imtiyazlı qapını təmsil edir. Əslində, noyabr ayında Bakıda mühüm tədbir olan COP29 keçiriləcək”, - deyə “Confindustria”nın İxrac və Sərmayələrin cəlb edilməsi üzrə vitse-prezidenti Barbara Cimmino bildirmişdir. "Azərbaycanla İtaliya arasında ticarət 5 ildə iki dəfə artaraq 12 milyard avroya çatıb. Bu, əsasən enerji idxalından əldə edilən artım sayəsində İtaliyanı Azərbaycanın aparıcı ticarət tərəfdaşına çevirib. Lakin İtaliyanın dünyanın ən mürəkkəb və şaxələndirilmiş iqtisadiyyatlarından biri olduğunu, həmçinin mühüm qlobal ixracatçı və emal ölkəsi olduğunu nəzərə alsaq, onu daha da təkmilləşdirmək üçün əsaslar var. İstehsalımız faktiki olaraq bütün dünyada təqdir olunur və bu il biz qlobal ixracatçı kimi 4-cü yerə yüksəlmişik”.
"Azərbaycan və İtaliya arasında enerji sahəsində əməkdaşlıq, ölkəmizin enerji təhlükəsizliyi üçün strateji infrastruktur olan TAP-ın gücünün ikiqat artırılması layihəsindən başlayaraq fundamental xarakter daşıyır. Həmçinin bərpa olunan enerji sahəsində Azərbaycanın mövqeyi günəş, külək və geotermal daxil olmaqla bir sıra alternativ enerji mənbələri üçün unikal imkanlar təklif edir. Noyabrda Bakıda keçiriləcək COP29 rəqabətqabiliyyətliliyə, texnoloji neytrallığa, keçid yolunun davamlılığına, sənaye əməkdaşlığına və dövlət-özəl tərəfdaşlığa əsaslanan dekarbonizasiya üzrə sənaye siyasətlərini birgə dəstəkləmək üçün mühüm platforma olacaq”, - deyə Confindustria” Prezidentinin enerji üzrə nümayəndəsi Aurelio Regina söyləmişdir.