Azərbaycan Böyük Yeddilik Ölkələrinin Su Koalisiyasının təsis görüşündə iştirak edib
27 iyun 2024-cü il tarixində Böyük Yeddilik Ölkələrinin (G7) Su Koalisiyasının təsis görüşü keçirilmişdir. Azərbaycan həmin tədbirə COP29-un ev sahibi ölkəsi kimi dəvət almışdır.
Dayanıqlı inkişaf, sülh və firavanlıq üçün suyun mühümlüyünü və konkret addımların atılmasının zəruriliyini əsas tutaraq, G7 ölkələri 28-30 aprel 2024-cü il tarixində Turin şəhərində keçirilən G7 İqlim, Enerji və Ətraf Mühit Nazirlərinin Toplantısında G7 Su Koalisiyasının təsis edilməsi fikrini irəli sürmüş və daha sonra Puliyada keçirilən G7 Sammitində sözügedən təşəbbüs dövlətlərin liderləri tərəfindən təsdiqlənmişdir.
Beləliklə, təsis görüşündə G7 ölkələrinin su üzrə mütəxəssisləri habelə İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto Fratin və nazir müavini Vannia Qava iştirak etmişlər.
Açılış nitqini edən nazir Fratin COP29-a ev sahibliyi edən Azərbaycana xüsusi təşəkkürünü bildirmiş, iqlim dəyişikliyi və biomüxtəlifliyin qorunması üçün birgə səylərin vacibliyini vurğulamışdır. Günəş və su enerjisinin dayanıqlı idarəedilməsinin önəmini qeyd edən nazir, hətta geniş su resurslarına sahib ölkələrin böyük çətinliklərlə üzləşdiyini, su mövzusunun gündəmdə saxlanılmasının zəruriliyini, inkişaf etməkdə olan ölkələrin, xüsusilə də Afrika qitəsində yerləşən ölkələrin dəstəyə ehtiyac duyduğunu bildirmiş və birgə addımlar atmağa çağırış etmişdir.
Nazirdən sonra çıxış edən V.Qava ancaq DİM 6 (təmiz su və sanitariya) üçün yox, ümumilikdə dayanıqlı inkişaf və stabillik üçün qlobal fəaliyyət planının hazırlanmasının vacibliyinə toxunmuşdur. Qurulan koalisiyanın məqsədinin dayanıqlı su təchizatı üçün multisektoral yanaşmanı təbliğ etmək, lazımi hüquqi alətlər yaratmaq, resursların konsolidasiyasını təmin etmək, çirklənmə ilə bağlı tədbirlər görmək, quraqlıq və su çatışmazlığını azaltmaq, potensial öhdəliyini artırmaq, su idarəçiliyini inteqrasiya etmək, bununla da birlikdə fərqliliyə nail olmaq olduğunu bildirmişdir.
Daha sonra AR-in İtaliyadakı səfiri Rəşad Aslanova söz verilmişdir. Səfir COP29 sədrliyinin prioritetləri, dünya qarşısında duran çağırışlar və cari ilin iyun ayının əvvəlində Bonn şəhərində keçirilən Bonn İqlim Dəyişikliyi Konfransında COP29 Sədrliyinin elan etdiyi ilk 5 qlobal təşəbbüslərin xülasəsini vermişdir.
Çıxışçılar arasında İtaliyanın G7 ətraf mühit üzrə işçi qrupunun rəhbəri Laura D’Aprile, Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyinin Beynəlxalq və Avropa Məsələləri üzrə Baş direktoru Alessandro Guerri, G7 Su Koalisiyası üzrə İtaliya tərəfindən milli əlaqələndirici şəxs Martina Bussettini yer almışdır.