İtaliyada Azərbaycanın Müstəqillik Günü qeyd olunub
Azərbaycanın İtaliyadakı səfirliyi 28 May - Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edib.
Azərbaycanın Mədəniyyət Mərkəzində keçirilən mərasimdə İtaliyanın dövlət rəsmiləri, senator və deputatlar, diplomatik korpusun, işgüzar və akademik dairələrin nümayəndələri iştirak ediblər. Əvvəlcə iki ölkənin Dövlət himnləri səsləndirilib.
Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov çıxış edərək 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik parlamentli respublika olan Xalq Cümhuriyyətinin elan edildiyini xatırladıb. Qeyd edib ki, cümhuriyyət yarandığı ilk günlərdən xalq hakimiyyəti prinsiplərini rəhbər tutaraq irqi, etnik, dini və sinfi bərabərsizlikləri aradan qaldırıb, ölkənin bütün vətəndaşlarına eyni hüquqları təmin edib. Şərqdə ilk dəfə və dünyanın bəzi ölkələrindən xeyli əvvəl 1918-ci ildə Azərbaycanda qadınlara seçki hüququ verilib. Azərbaycan diplomatiyası ilk addımlarını atanda 1919-cu ildə Bakıda İtaliya da daxil olmaqla 16 ölkənin diplomatik nümayəndəliyi fəaliyyət göstərib.
Səfir ölkəmizin noyabr ayında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini, bunun beynəlxalq ictimaiyyətin Azərbaycana və xüsusilə yaşıl enerji sahəsində gördüyü işlərə hörmət əlaməti kimi qiymətləndirildiyini deyib.
Diplomat Azərbaycan və İtaliyanın humanitar sahədə də sıx əməkdaşlıq etdiyini, bu il 20 illik yubileyini qeyd edən Heydər Əliyev Fondunun iki ölkə arasında mədəniyyət mübadiləsində mühüm rol oynadığını vurğulayıb. Qeyd edib ki, Azərbaycan Hökuməti və Heydər Əliyev Fondu İtaliyanın maddi mədəni irsinin bərpası sahəsində bir sıra layihələrin həyata keçirilməsinə dəstək verib.
Müstəqillik Günü ilə bağlı İtaliya hökumətinin təbriklərini çatdıran ətraf mühit və enerji təhlükəsizliyi nazirinin müavini Vannia Qava İtaliya ilə Azərbaycan arasında münasibətlərin strateji xarakterini vurğulayıb, əlaqələrin inkişaf potensialından danışıb.
Nazir müavini Azərbaycanın İtaliya üçün mühüm tərəfdaş ölkə olduğunu, Azərbaycandakı güclü sahibkarlıq fəaliyyətinin getdikcə daha çox italyan şirkətinin bu bazara maraq göstərdiyini bildirib. Deyib ki, iki ölkə enerji sektorunda mühüm tərəfdaşdır və biz Cənub Qaz Dəhlizi vasitəsilə İtaliyaya qaz axınının artmasını yüksək qiymətləndirir, həcmlərin ikiqat artırılması məqsədini tam dəstəkləyirik.
Vannia Qava Azərbaycanın noyabr ayında COP29-a ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb. Bunun Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizəyə sadiqliyini təsdiqlədiyini göstərdiyini deyib. Ölkəsinin G7-yə sədrlik etdiyini bildirən nazir müavini İtaliyanın bərpa olunan mənbələrin inkişafı və enerji səmərəliliyi ilə bağlı konkret addımların atılmasını təşviq etmək üçün çalışdığını, buna görə də COP29 konfransının uğurlu keçməsi üçün Azərbaycanla birgə işləməkdən məmnunluq duyduqlarını qeyd edib.
Nazir müavini İtaliyanın son aylarda Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesində qeydə alınan hadisələri və ən son olaraq iki ölkə arasında sərhədin bəzi hissələrinin delimitasiyasına başlanmasını alqışladığını bildirib. O, ölkəsinin Qafqaz regionunda tezliklə sabitliyə zəmanət verəcək sülh müqaviləsinin imzalanmasına nail olunmasına ümidvar olduğunu, bunun da birgə əməkdaşlıq və ümumi inkişaf üfüqlərini gücləndirəcəyini qeyd edib.
Mərasimdə Azərbaycan-İtaliya münasibətlərinə dair videoçarx nümayiş olunub. Əməkdar artist, tarzən Sahib Paşazadənin və fortepianoda Prezident təqaüdçüsü, beynəlxalq müsabiqələr laureatı Firuzə Bəylərovanın ifasında milli musiqilər səsləndirilib.
Sonda Azərbaycan mətbəxinin təamlarından ibarət ziyafət verilib.