2024-06-21

Azərbaycan Ümumdünya Fermerlər Təşkilatının illik yığıncağında təmsil olunub  

17-21 iyun 2024-cü il tarixlərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş qərargahında Ümumdünya Fermerlər Təşkilatının illik toplantısı keçirilmişdir. Azərbaycan toplantıda AR-in Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Cabbarlı və AR-in İtaliyadakı Səfirliyinin əməkdaşları ilə təmsil olunmuşdur.

Tədbirdə müxtəlif ölkələrdən dövlət qurumları, özəl sektorun və beynəlxalq təşkilatların nümayəndələri, aqrar sahədə çalışan mütəxəssislər, ailə təsərrüfatları, kooperativlərin təmsilçiləri və fermerlər iştirak etmişdilər.

"Sabahın məhsulu: Fermerlər Kənd Təsərrüfatı və Ərzaq İstehsalının Gələcəyini Formalaşdırır" başlığı ilə keçirilən iclasın açılış mərasimində çıxış edən FAO-nun Baş direktoru Qu Dongyu yeni çağırışlara uyğun dayanıqlı kənd təsərrüfatı sistemi məsələsinə toxunmuş, ətraf mühiti qorumaqla məhsuldarlığın artırılmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulamış, qlobal çağırışların təsirləri fonunda aqrar sahənin intensiv inkişafı və daha dayanıqlı aqro-ərzaq sistemlərinin qurulmasının müasir texnologiyaların tətbiqindən birbaşa asılı olduğunu qeyd etmişdir. Baş direktor rəqəmsal texnologiyaların tətbiqinin aqro-biznes dəyər zəncirinin formasını dəyişdirməklə istehsal proseslərinin səmərəliliyinə, iqlim dəyişikliklərinə uyğunlaşmağa imkan verəcəyini əlavə etmişdir.

İllik iclasda iqlim dəyişikliyinin aqrar sahəyə təsiri ilə bağlı bilik və təcrübələr bölüşülmüş, iqlim dəyişikliyi və qlobal istiləşmə fonunda torpaq və su resurslarından səmərəli istifadənin təşkilinin zəruriliyi diqqətə çatdırılmışdır.

Açılış mərasimindən sonra aqrar sahənin aktual mövzularına dair panel sessiyalar keçirilmişdir. “COP28-dən COP30-a: Kənd təsərrüfatı və qida sistemlərinin İqlim Fəaliyyətinə inteqrasiyası” mövzusunda keçirilən panel sessiyada çıxış edən AKİA-nın sədr müavini Leyla Cabbarlı ölkəmizdə kənd təsərrüfatı sahəsində aparılan islahatlardan söz açmış, Azərbaycanda aqrar inkişaf strategiyasının əsas istiqamətləri, həyata keçirilən innovativ layihələr barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinin əhəmiyyətinə toxunulmuş, iqlim dəyişikliyinin kənd təsərrüfatı sahəsinə təsirinin minimuma endirilməsi məqsədilə icra olunan tədbirlər, Azərbaycan hökumətinin ətraf mühitə mənfi təsirlərin yumşaldılmasına, istixana qazlarının azaldılmasına, təbii resurslardan səmərəli istifadəyə, biomüxtəlifliyin, ekosistemlərin qorunmasına xüsusi diqqət yetirməsi barədə danışılmışdır. Bununla yanaşı, ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalçılarına davamlı dövlət dəstəyinin bu sektorda istehsal göstəricilərinin mütəmadi yüksəldilməsini stimullaşdırmaqla innovativ texnologiyaların tətbiqi imkanlarının genişləndirdiyi vurğulanmışdır.

Panel sessiyalarda ərzaq təhlükəsizliyinin təmin olunmasında aqrar innovasiyaların rolu, innovativ həllərin tətbiqi ilə məhsuldarlığın artırılması, torpaq və su resurslarından daha səmərəli istifadə olunması, aqrar sahədə innovasiya və rəqəmsallaşmanın tətbiqi istiqamətində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunmuşdur.

Arnold Puech d’Alissac 2024-2026-cı illər üzrə WFO-nun prezidenti vəzifəsinə təsdiqlənmişdir.

Tədbirin son günüdə iştirakçılar üçün İtaliyanın günəş panelləri və bioqaz istehsalı ilə məşğul olan innovativ və iqlimə dayanıqlı fermalarına (GreenItaly və Maccarese SpA) səfərlər təşkil edilmişdir. Səfərlər zamanı davamlı kənd təsərrüfatı təcrübələrinin təkmilləşdirməsində müvafiq tədqiqatın mühüm rol oynadığı qeyd edilmişdir.

 

 
 
 
 
 
 
 
 
 

 

 

Arxiv üzrə axtarış