Azərbaycan çayı FAO-nun Romadakı qərargahında keçirilən çay sərgisində təqdim edilib
Azərbaycan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) 21 May - Beynəlxalq Çay Günü ilə əlaqədar Romadakı qərargahında keçirdiyi konfrans və sərgidə təmsil olunub.
Konfransda çıxış edən FAO-nun Baş direktoru Qu Donqyu dünyada çayçılığın mövcud vəziyyəti, bu sahənin iqtisadi əhəmiyyəti və potensial imkanları barədə danışıb. Beynəlxalq Çay Gününün əhəmiyyətindən danışan Baş direktor təşkilatın bir neçə ildir mayın 21-də çay istehsalı ilə məşğul olan aparıcı ölkələrin nümayəndələrini, aqrar sahədə fəaliyyət göstərən ekspert və mütəxəssisləri bir araya topladığını deyib. Bu sektorun məşğulluğun təmin olunması, ixrac potensialının və fermerlərin gəlirlərinin artırılmasında vacib rol oynadığı qeyd edilib.
Azərbaycanın FAO yanındakı daimi nümayəndəsi Rəşad Aslanov çıxışında ölkəmizdə çayçılığın inkişafı, həyata keçirilən layihələr və dövlət dəstəyi barədə iştirakçılara ətraflı məlumat verib. 2022-ci ildə “Çay mədəniyyəti: kimliyin, qonaqpərvərliyin və sosial əlaqələrin rəmzi” Azərbaycan və Türkiyənin birgə nominasiyasının Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edildiyini qeyd edib, ölkəmizdəki çay ənənələrindən danışıb.
O, çayın Azərbaycan mədəniyyətindəki xüsusi yerindən bəhs edib, çay süfrəsinin xalqımızın qonaqpərvərlik rəmzi olduğunu bildirib. Rəşad Aslanov çayçılıq sahəsinin perspektivləri, keyfiyyətli məhsulun yetişdirilməsi və məhsuldarlığın artırılması, dəyər zəncirinin qurulması, bu sektorun yoxsulluğun azaldılmasında rolu ilə bağlı fikirlərini bölüşüb.
Azərbaycanın cənub rayonlarının çayçılıq sahəsində ixtisaslaşdığını deyən R.Aslanov qeyd edib ki, yerli çaylarımız həm ölkə daxilində, həm də xaricdə təşviq edilir, ildən-ilə ixrac coğrafiyası genişləndirilir.
Sərgidə Azərbaycan çayları təqdim edilib və iştirakçıların böyük marağına səbəb olub. Ziyarətçilər Azərbaycan stendində müxtəlif yerli çay növlərinin tamı, həmçinin milli şirniyyatlarla tanış olub, çay mədəniyyəti haqqında maraqlı məlumatlar əldə ediblər.
Xatırladaq ki, 2019-cu ilin dekabrında BMT Baş Assambleyasında mayın 21-nin Beynəlxalq Çay Günü elan olunması barədə qətnamə qəbul edilib. Builki Beynəlxalq Çay Gününün qeyd edilməsində Azərbaycanla yanaşı, Çin, Rusiya, Şri-Lanka və Keniya çay, Braziliya və İndoneziya isə qəhvə stendləri təmsil olunub.