Peruca Universitetində Azərbaycan - İtaliya münasibətləri mövzusunda tədbir keçirilib
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Bakı Politoloqlar Klubunun nümayəndə heyətinin İtaliyaya işgüzar səfəri çərçivəsində silsilə tədbirlərə başlanılıb. Səfər Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilir.
Səfər çərçivəsində keçirilən ilk tədbir “Azərbaycan - İtaliya: yeni enerji siyasəti və ikitərəfli münasibətlər” mövzusuna həsr edilib. Mərkəzin İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycanın beynəlxalq sistemdə mövqeyi, xarici siyasət prioritetləri və bölgədəki vəziyyətlə bağlı konfrans iştirakçılarını məlumatlandırıb.
“Bakı Politoloqlar Klubu” İctimai Birliyinin sədri Zaur Məmmədov tədbirin əhəmiyyəti və İtaliya - Azərbaycan münasibətlərindəki reallıqlar haqqında danışıb.
Peruca Universitetinin tədqiqatçı alimləri - Françesko Randazzo, Emilio Cassese, Valentina Chabert və digərləri COP29-un ev sahibi ölkəsi olan Azərbaycanın dünyada artan nüfuzunu və Bakı-Roma əlaqələrindəki müsbət inkişaf dinamikasını qeyd ediblər.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi şöbə müdiri Cavid Vəliyev Azərbaycanın Avrasiyada Şərq və Qərb, Şimal və Cənub arasında yerləşən aparıcı dövlətlərdən biri olduğunu, dəyişən geoiqtisadi proseslər fonunda rəsmi Bakının prioritetləri haqqında iştirakçıları məlumatlandırıb. Mərkəzin baş məsləhətçisi Şahmar Hacıyev enerji ixracatçısı kimi regional mövqeyini getdikcə gücləndirən Azərbaycanın yeni enerji strategiyasının mahiyyəti barədə danışıb.
Layihə çərçivəsində qarşıdakı günlərdə də İtaliyada müxtəlif tədbirlərin keçirilməsi gözlənilir.