LUİSS Guido Carli Universitetinin tələbələrinə Azərbaycan haqqında təqdimat edilib
15 mart 2024-cü il tarixində AR-in İtaliyadakı Səfirliyinin Mədəniyyət Mərkəzində İtaliyanın “LUİSS Guido Carli Universiteti”nin Siyasi Elmlər Assosiasiyasının tələbələri ilə görüş keçirilib.
Görüş zamanı səfir R.Aslanov tərəfindən tələbələrə ölkəmizin tarixi, regionda rolu, post-münaqişə dövrü və xarici siyasət prioritetləri, həyata keçirilən aktual regional enerji və nəqliyyat layihələri barədə təqdimat keçirilib, həmçinin İtaliya və Azərbaycan münasibətlərinə dair ətraflı məlumat verilib.
Eyni zamanda, tələbələrə İtaliya-Azərbaycan Universiteti, Azərbaycanda təhsil imkanları, o cümlədən ADA Universiteti tərəfindən xarici tələbələr üçün təklif olunan “Əlimərdan bəy Topçubaşov təqaüd Proqramı” barədə geniş məlumat təqdim olunub.
Təqdimat zamanı münaqişəyə dair tələbələri maraqlandıran bütün nüanslar, o cümlədən digər məsələlər barədə suallar cavablandırılıb.
Tədbirin sonunda tələbələr Azərbaycanın Mədəniyyət Mərkəzi ilə tanış olub və onlara Səfirlik tərəfindən italyan dilində ölkəmiz haqqında müxtəlif kitablar təqdim olunub.
Məlumat üçün qeyd edək ki, 1995-ci ildə yaradılmış və İtaliyanın Senatı və Deputatlar Palatası ilə aktiv təmasda olan Siyasi Elmlər Assosiasiyasının məqsədi Universitet tərəfindən tələbələri siyasi həyata cəlb etməkdir.