2024-03-06

İtaliyanın Milan şəhərində “Şuşa. Naxışların rəqsi” adlı Azərbaycan rəqəmsal incəsənət sərgisinin açılış mərasimi keçirilib

5 mart 2024-cü il tarixində İtaliyanın  rəqəmsal incəsənət qrupu, İtaliyanın MEET Mədəniyyət Mərkəzi və Cariplo Fondunun birgə təşkilatçılığı ilə “Şuşa. Naxışların rəqsi” (“Shusha. Dance of symbols”) rəqəmsal sərgisinin açılış mərasimi keçirilib.

9 mart tarixinədək davam edəcək sərgidə “Şuşa xanım” adlı süni zəka tərəfindən Azərbaycanın zəngin və müxtəlif mədəni irsinin əsasında yaradılmış rəqəmsal incəsənət əsərləri, xüsusən milli motivləri əks etdirən kəlağayılar nümayiş etdirilir.

Qeyd edək ki, “Şuşa” süni zəka layihəsi Türkiyədə yaşayan soydaşımız Nabat Qaraxanovanın rəhbərliyi ilə “Mezo Art” rəqəmsal incəsənət qrupunun azərbaycanlı və türkiyəli sənətkarları və mühəndisləri tərəfindən Azərbaycanın mədəniyyət beşiyi Şuşa şəhərinin qədim ənənəvi incəsənətinin innovativ texnologiyalar vasitəsilə canlandırılması məqsədilə yaradılıb.

Martın 05-də sərginin açılış tədbirində MEET Mədəniyyət Mərkəzinin qurucusu    Maria Gratsia Mattei və Müasir Asiya İncəsənəti üzrə ixtisaslaşmış Çikaqodan kurator Culi Volş çıxış edərək, 2024 İstanbul Rəqəmsal İncəsənət Festivalı haqqında məlumat verib, sərginin Azərbaycanın mədəni irsini rəqəmsal formata çevirməsi, incəsənət həvəskarlarını unikal səyahətə çıxarmağı barədə danışıblar.

“Şuşa” süni zəka layihəsinin yaradıcısı Nabat Qaraxanova layihənin ərsəyə gəlməsi barədə qonaqlara ətraflı məlumat verib, bu sərginin texnologiyanın sərhədlərini aşaraq Azərbaycanın tarixi və mədəni zənginliyini sənətsevərlərə təqdim etməsi, əsrlər boyu İpək Yolunu formalaşdıran mədəni təsirlərin rəqəmsal aləmə gətirilməsi, Şuşa xanımın incə işinin Azərbaycanın ənənəvi incəsənətini gələcəyə aparması barədə danışıb.

Açılış tədbirində Azərbaycanın İtaliyadakı Səfirliyinin, habelə Türkiyənin Milandakı Baş Konsulluğunun nümayəndələri, İtaliyanın mədəniyyət, mətbuat və akademik dairələrinin nümayəndələri və İtaliyada yaşayan azərbaycanlılar iştirak edib.

Arxiv üzrə axtarış