2024-02-26

Romada Xocalı soyqırımının ildönümü ilə əlaqədar tədbir təşkil olunub

Azərbaycanın İtaliyadakı və Müqəddəs Taxt-Tacdakı səfirliklərinin təşkilatçılığı ilə Romadakı “Santa Maria della Mercede” kilsəsində Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

İtaliya və Vatikan nümayəndələrinin, diplomatik korpus rəhbərlərinin, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlıların iştirak etdikləri tədbirdə əvvəlcə Xocalı soyqırımı qurbanlarının, həmçinin ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların əziz xatirəsi anılıb, ruhlarına dualar oxunub.

Ölkəmizin İtaliyadakı səfiri Rəşad Aslanov Xocalı qətliamının Qarabağ müharibəsində ən ağır hərbi cinayət və müasir Avropa tarixində ən dəhşətli qətliamlardan biri olduğunu deyib. Qeyd edib ki, ötən əsrin sonlarında dinc əhaliyə qarşı törədilmiş ən qəddar etnik zorakılıq aktlarından biri olan Xocalı soyqırımında bir gecədə 613 nəfər, o cümlədən 63 uşaq amansızcasına qətlə yetirilib.

Diplomat bildirib ki, müxtəlif ölkələr və parlamentlər Xocalı faciəsini pisləyib, onu soyqırımı kimi tanıyan qətnamələr qəbul edib.

Diqqətə çatdırılıb ki, bu il ilk dəfə olaraq Xocalı soyqırımı qurbanlarının xatirəsi ölkəmizin bütün ərazisində anılır, 32 il sonra Xocalıda Azərbaycan Bayrağı dalğalanır. Ölkəmiz azad olunmuş bütün ərazilərində, o cümlədən Xocalıda geniş bərpa və yenidənqurma layihələri həyata keçirir. Digər bölgələrin sakinləri kimi, Xocalı əhalisi də tezliklə doğma yurdlarına qayıdacaq.

Səfir bir gün Xocalıya ədalətin bərqərar olacağına inandığını və gələcəkdə bu cür ağır cinayətlərin bir daha baş verməməsi üçün beynəlxalq ictimaiyyətin Xocalıya ədalət çağırışına dəstək göstərməsinin vacibliyini qeyd edib.

Tədbirin bədii hissəsində İtaliyanın “Orchestra dell'Accademia Sannita” orkestrinin ifasında klassik musiqi nümunələri, o cümlədən Azərbaycan mahnıları təqdim olunub.

 

Arxiv üzrə axtarış