2024-01-30

Azərbaycanın səfiri Romada Azərbaycandakı gənclər siyasətindən danışıb

25-28 yanvar 2024-cü il tarixlərində İtaliya Diplomatik Akademiyasının təşəbbüsü ilə “İstədiyimiz Gələcək BMT Modeli: Gənc Liderlər üçün Qlobal Təşəbbüs” adlı layihə həyata keçirilib.

 20-dən çox ölkədən 100 gəncin iştirakı ilə keçirilən layihə çərçivəsində “Multilateralizmi möhkəmləndirmək üçün gənclərin gücləndirilməsi” başlıqlı konfrans təşkil edilib və Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov həmin konfransda əsas çıxışçı kimi iştirak etməyə dəvət edilib.

 Konfransın məqsədi gəncləri 17 Dayanıqlı İnkişaf Məqsədlərinə cəlb etmək, həmin məqsədləri həm başa düşmək, həm də həyata keçirmək üçün gənclərin səslərinin əhəmiyyətinə diqqət yetirməkdir.

 Konfransda BMT Baş katibi Antonio Quterreşin video müraciəti dinlənilib, FWW MUN-un fəaliyyəti haqqında qısa video paylaşılıb.

 Açılış nitqini İtaliya Diplomatik Akademiyasının icraçı direktoru Abramo Çabib edərək, bu gün beynəlxalq ictimaiyyətin üzləşdiyi kritik məsələlərlə bağlı birgə fəaliyyətə ehtiyac olduğunu və gənclərin bu xüsusda mühüm rolunu vurğulayıb.

 Daha sonra BMT-nin Sənaye İnkişafı Təşkilatının İnvestisiyaların və Texnologiyaların Təşviqi Ofisinin İtaliya bölməsinin (UNIDO ITPO Italy) direktoru Diana Battagia, Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondunun (IFAD) Qlobal Kommunikasiyalar və Təbliğat bölməsinin rəhbəri Helene Papper, Azərbaycanla yanaşı Banqladeş, Belçika, Fransa, İraq, Kosovo, Lesoto, Malayziya, Malta, Namibiya, Şri Lankanın İtaliyadakı səfirləri, Kanadanın FAO yanında daimi nümayəndəsi, Bolqarıstan və Çadın isə diplomatları çıxış edib, gənclərlə şəxsi təcrübələrini bölüşmüş, öz ölkələrində gənclərlə bağlı atılan addımlar barədə danışıb.

 Çıxışlarda gənclərə təhsillərini yüksək səviyyədə davam etdirmələri tövsiyə edilmiş, dünyada baş verən kataklizmlərə qarşı birgə səylərin vacibliyi vurğulanmış və qərar vermə prosesinin bütün səviyyələrində məhz gənclərin üzərinə böyük məsuliyyətin düşdüyü bildirilib.

 R.Aslanov Azərbaycandakı gənclər siyasəti, Qoşulmama Hərəkatı çərçivəsində təqdim olunan təqaüd proqramları, Baş qərargahı Bakıda yerləşən yeni təsis edilmiş Qoşulmama Hərəkatının Gənclər Təşkilatı barədə danışıb, Azərbaycan Gənclərinin “Qızıl Kitabı”, diplomatiya könüllülərini xüsusi qeyd etməklə ölkəmizdəki ümumi könüllülük fəaliyyəti haqqında ətraflı məlumatlar təqdim edib.

 Sonda çıxışçılara Akademiya adından “Dərin ehtiram və səmimi minnətdarlığı” ifadə xatirə lövhəsi təqdim edilib.

 

Arxiv üzrə axtarış