2024-01-22

İtaliyada 20 Yanvar şəhidlərinin əziz xatirəsi ehtiramla anılıb

Azərbaycanın İtaliyadakı səfirliyində 20 Yanvar - Ümumxalq Hüzn Gününün 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqlik sükutla yad olunub.

Ölkəmizin İtaliyadakı səfiri Rəşad Aslanov Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizəyə nəzər salaraq, tariximizə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar hadisələrindən danışıb.

Bildirib ki, ötən əsrin sonlarında Azərbaycan xalqının başladığı azadlıq, müstəqillik, dövlətçilik mübarizəsi çətin, lakin şərəfli yol keçərək bu gün daha əzmlə davam etməkdədir. Bu mübarizənin yaxın keçmişimizdəki ən şanlı səhifələrindən biri də 1990-cı ilin 20 Yanvar hadisələridir. Dövlətimizə qarşı daim xain planlar hazırlayan qüvvələr 1990-cı ildə xalqımızın misli görünməmiş həmrəyliyi və birliyi nəticəsində böyük uğursuzluğa düçar oldular. Həmin düşmənlərə qarşı ikinci belə cavabı xalqımız məhz 44 günlük Vətən müharibəsində bir daha verdi.

Səfir 20 Yanvar hadisələrinə ilk dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verildiyini diqqətə çatdırıb. O gün şəhid olan bütün qəhrəmanların xatirəsinin hər bir azərbaycanlının qəlbində əbədi yaşayacağını vurğulayıb.

Otuz ildən çox işğal altında qalan ərazilərimizin azadlığa qovuşduğunu, Azərbaycanın bu gün bütün torpaqları üzərində suverenliyini tam bərpa etdiyini vurğulayan səfir ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman şəhidlərin ruhunun şad olduğunu bildirib.

 

 

Arxiv üzrə axtarış