2023-12-28

İtaliyada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

Azərbaycanın İtaliyadakı və Müqəddəs Taxt-Tacdakı səfirliklərinin təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib. Tədbirdə İtaliyada yaşayan, təhsil alan və işləyən soydaşlarımız iştirak ediblər.

Ölkəmizin İtaliyadakı səfiri Rəşad Aslanov isə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün dövlətimiz və xalqımız üçün önəmli günlərdən biri olduğunu qeyd edib. Vurğulayıb ki, Azərbaycan xalqı bu günü əvvəlki illərdən fərqli – b ütün əraziləri üzərində suverenliyini tam bərpa etmiş ölkənin nümayəndələri kimi böyük coşqu ilə qeyd edir.

Səfir yola saldığımız ildə xalqımızın Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyini qeyd etdiyini, 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” olduğunu bildirib.

Rəşad Aslanov Ümummilli Liderin yorulmaz fəaliyyəti, Azərbaycan dövlətçiliyinin və müstəqilliyinin qorunmasındakı misilsiz xidmətlərindən bəhs edib. Ölkəmizin müstəqillik tarixində böyük rol oynamış Ulu Öndərin Azərbaycan xalqı tərəfindən daim yad olunacağı və əziz xatirəsinin dərin ehtiramla anılacağı vurğulanıb.

Diplomat dinamik inkişaf edən və strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-İtaliya əlaqələrindən, hər iki ölkə rəhbərlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətindən, müxtəlif sahələri əhatə edən tərəfdaşlığın inkişaf perspektivlərindən də danışıb.

Tədbirdə konsert proqramı ilə İtaliyanın Milan şəhərində yaşayan soydaşımız, opera ifaçısı Çinarə Şirin çıxış edib, Azərbaycan və italyan musiqi parçalarını ifa edib.

 

Arxiv üzrə axtarış