ICCROM-un Baş Assambleyasında Azərbaycan nümayəndə heyəti tərəfindən Ermənistan nümayəndəsinin təxribat dolu çıxışına tutarlı cavab verilib
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) İtaliyanın paytaxtı Romadakı mərkəzi qərargahında Mədəni Mülkiyyətin Mühafizəsi və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (ICCROM) Baş Assambleyasının 33-cü sessiyası keçirilib. Sessiyada Azərbaycan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyevanın rəhbərlik etdiyi nazirlik və Azərbaycanın İtaliyadakı səfirliyinin əməkdaşlarından ibarət nümayəndə heyəti ilə təmsil olunub.
Azərbaycan adından çıxış edən S.Hacıyeva zəngin mədəni irsimiz, ICCROM ilə qarşılıqlı faydalı əməkdaşlığın perspektivlərindən söz açıb.
Azərbaycan nümayəndəsi Baş Assambleyada cavab hüququndan istifadə edərək Ermənistanın Mədəniyyət Nazirliyinin əməkdaşının təxribat xarakterli çıxışına tutarlı cavab verib:
“Mən Ermənistan nümayəndəsinin bu gün etdiyi çıxışa cavab hüququmuzdan istifadə etmək istərdim. Bu çıxış beynəlxalq ictimaiyyətin diqqətini təkcə Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərində deyil, həm də Ermənistanın özündə aparılan mədəni təmizləmə faktlarından yayındırmağa yönəlmiş növbəti təxribat cəhdidir. Otuz il ərzində Ermənistan Azərbaycanın mədəni irsini geniş miqyasda dağıdıb, talan və vandalizmə məruz qoyub. Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərində yerləşən mədəni abidələrindən 100 mindən çox artefakt oğurlanaraq qanunsuz olaraq Ermənistana aparılıb. Ermənistan hakimiyyəti bütün azərbaycanlıları öz tarixi vətənlərindən – bu gün Ermənistanda olan Qərbi Zəngəzur, Qafan, İrəvan, Göyçə, Nüvədi və Vedidən qovmaqla, Azərbaycana qarşı təcavüzü daha da artıraraq işğal və etnik təmizləmə aparıb. Ermənistanda azərbaycanlıların fiziki izlərinin qəsdən məhv edilməsi onların tarixi torpaqlarından silinməsinin vacib elementi idi. Azərbaycanın bütün ərazilərinin və toponimlərinin adları dəyişdirilib, Azərbaycanın tarixi-mədəni irsi, məscidləri və qəbiristanlıqları məqsədli şəkildə Ermənistan ərazisində hədəfə alınıb, vandalizmə məruz qalıb və ardıcıl olaraq məhv edilib”.
O vurğulayıb ki, Azərbaycan öz tarixi-mədəni irsinə qarşı törədilmiş vəhşilikləri dəfələrlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb, UNESCO-ya və digər beynəlxalq təşkilatlara müraciət edərək bu irsin qorunmasını təmin etmək üçün təxirəsalınmaz tədbirlər görməyə çağırıb.
Həmçinin bildirilib ki, Azərbaycan üçün müharibə bitib və ölkə öz suverenliyini tam bərpa edib. Eyni zamanda, Azərbaycan bu bölgənin əsl və tarixi simasını və keçmiş ruhunu dirçəltmək üçün tammiqyaslı yenidənqurma və bərpa işlərinə başlayıb.