Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarella ilə görüşü olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 1-də İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə görüşü olub.
Romanın Kuirinale Sarayında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
İtaliya Prezidenti Sercio Mattarella dövlətimizin başçısı İlham Əliyevi qarşıladı.
Azərbaycan nümayəndə heyəti İtaliya Prezidentinə, İtaliya nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim edildi.
Sonra birgə foto çəkdirildi.
Azərbaycan Prezidenti İlham Əliyevi salamlayan İtaliya Prezidenti Sercio Mattarella dedi:
- Cənab Prezident, Sizi burada - İtaliyada, Romada, Kuirinale Sarayında qəbul etməkdən şəxsən iftixar hissi duyuram. Xoş gəlmisiniz.
Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin 30 illiyini qeyd edirik. Bu səhər Siz Azərbaycan səfirliyinin yeni binasını açdınız. Bu, İtaliya ilə Azərbaycan arasında dostluq əlaqələrinin mühüm nümunəsidir.
Əlaqələrimizin strateji əhəmiyyətindən xəbər verən 2020-ci ildəki səfərdən sonra Sizi burada Kuirinale Sarayında yenidən qəbul etməkdən çox məmnunam və şərəf hissi duyuram. Bir daha xoş gəlmisiniz, cənab Prezident.
x x x
Azərbaycan Prezidenti İlham Əliyev dedi:
- Cənab Prezident, dəvətə və qonaqpərvərliyə görə Sizə minnətdaram. Mən son səfərimi də xatırlayıram və əldə edilmiş bütün razılaşmalar həyatda öz əksini tapır.
Biz keçən dəfə Sizinlə burada görüşəndə strateji tərəfdaşlığa dair mühüm sənəd imzalamışıq. Eyni zamanda, İtaliya-Azərbaycan Universitetinin yaradılması haqqında söhbət etmişik. Bu gün isə İtaliya-Azərbaycan Universitetinin yaradılması istiqamətində önəmli addım atıldı.