2021-02-27

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinə göndərilməsi halları ilə bağlı məlumatı

10 noyabr 2020-ci il tarixində Azərbaycan və Ermənistan arasında bütün hərbi fəaliyyətlərin dayandırılmasını özündə ehtiva edən birgə bəyanatın imzalanmasından sonra Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin beynəlxalq hüququn norma və prinsiplərinə, beynəlxalq insan hüquqlarının əsas prinsiplərinə zidd olaraq Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərində hərbi xidmət üçün göndərilməsi hallarına rast gəlinir.

Ermənistanda fəaliyyət göstərən beynəlxalq media agentliklərinin məlumatlarında Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin aldadılaraq və ya zorla məcbur edilərək Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində hərbi fəaliyyətlərə cəlb edildiyi, bunun həm hərbçilərin həm də onların ailələrinin etirazına səbəb olduğu bildirilir. Məlumatlarda hərbçilərin valideynlərinin açıq şəkildə öz övladlarını Azərbaycan ərazisində hərbi xidmətə cəlb olunmasına etiraz etdikləri, Ermənistan hərbçilərinin “Laçın dəhlizi”ndən gizli şəkildə keçirilərək Azərbaycan Respublikasının ərazilərinə zorla yerləşdirilməklə onların həyatlarının risk altına qoyulduğu, onların işgəncə və qeyri-insani rəftara məruz qaldıqları öz əksini tapır.

Bu xüsusda bildiririk ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərində Azərbaycanın razılığı olmadan hər hansı bir formada yerləşdirilməsi beynəlxalq hüququn norma və prinsiplərinin, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığının, eləcə də Ermənistanın özünün də tərəfdar çıxdığı digər beynəlxalq sənədlərin müddəalarınının açıq şəkildə pozuntusudur.

Ermənistan hərbçilərinin hazırda Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyi Azərbaycan Respublikasının ərazilərinə qanunsuz şəkildə göndərilməsi eyni zamanda, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr tarixli birgə bəyanatının kobud şəkildə pozuntusudur.

Xatırladırıq ki, 10 noyabr birgə bəyanatı Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan Respublikasının ərazilərinə yerləşdirilməsinə paralel olaraq Ermənistan silahlı qüvvələrinin həmin ərazilərdən çıxarılmasını nəzərdə tutur. Həmçinin bəyanatda “Laçın dəhlizi” üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verilir. Bu dəhlizinin hərbi məqsədlər üçün istifadə olunması, xüsusilə gizli şəkildə, mülki formada və mülki nəqliyyat vasitələrində gizlədilməklə şəxsi heyətin ərazilərimizə yeridilməsi “Laçın dəhlizi” üzrə hərəkət rejiminin kobud şəkildə pozuntusudur. Bu, sülhməramlı kontingentin nəzarət mexanizmlərinin pozulması olmaqla, kontingentin bölgədə vəziyyətin sabitləşdirilməsi səylərinə zərbə vurur.

Ermənistanın bu addımları həmin bəyanatla regionda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı şəkildə tanınması və hörmət edilməsi əsasında əlaqələrin normallaşdırılması, sülh və sabitliyin təmin edilməsini nəzərdə tutan tədbirləri ciddi şəkildə sual altına qoyur və vəziyyətin gərginləşdirilməsinə xidmət edir.

Qeyd etmək istərdik ki, məhz Ermənistan tərəfindən öz silahlı qüvvələrini üçtərəfli bəyanatın qüvvəyə minməsindən sonra ötən ilin noyabr ayının sonlarında qanunsuz şəkildə Azərbaycan ərazisində yerləşdirməsi bölgədə hərbi gərginliyə səbəb olmuşdur. Azərbaycan hərbçilərinə və mülki şəxslərinə qarşı hücumlar təşkil edən Ermənistanın diversiya qrupu anti-terror əməliyyatı nəticəsində zərərsizləşdirilmiş, 62 nəfərdən ibarət qrup saxlanılaraq Azərbaycanın istintaq orqanlarına təhvil verilmişdir. Silahlı şəxslərin qanunsuz şəkildə Azərbaycan Respublikasının ərazilərinə daxil olması onların mənsub olduğu ölkə üçün beynəlxalq hüquqi məsuliyyət doğurmaqla yanaşı, həmin şəxslər üçün Azərbaycan Respublikasının milli qanunvericiliyinə uyğun olaraq fərdi cinayət məsuliyyəti yaradır.

Ermənistan hərbçilərinin digər ölkənin - Azərbaycan Respublikasının ərazilərində qanunsuz hərbi məqsədlər üçün istifadəyə, xüsusilə aldatma və zorla məcbur etmə vasitəsilə cəlb edilməsi, həm də beynəlxalq insan hüquqları hüququnun, habelə Ermənistanın da üzv olduğu Avropa Şurası və ATƏT kimi regional təşkilatlar çərçivəsində qəbul edilmiş müvafiq sənədlərdə təsbit edilmiş müddəaların ciddi şəkildə pozulmasıdır.

Azərbaycan tərəfi Ermənistandan özünün silahlı qüvvələrini qanunsuz şəkildə Azərbaycan ərazilərində yerləşdirilməsinə son qoymağı tələb edir və beynəlxalq ictimaiyyəti Ermənistanın bu cür təxribatçı hərəkət və fəaliyyətlərə son qoyması üçün zəruri tədbirlər görməyə çağırır.

Eyni zamanda, insan hüquqlarının müdafiəsi mandatı olan təşkilatların Ermənistanın öz silahlı qüvvələrinin nümayəndələrinin insan hüquq və azadlıqlarını kobud şəkildə pozan, onların həyat və sağlamlıqlarını legitim müdafiə ehtiyacı olmadan təhlükə altında qoyan bu hərəkətlərini qətiyyətlə pisləməsi və bu ölkəni qeyd edilən fəaliyyətlərdən çəkindirmək üçün tədbirlər görməsi vacibdir.

Azərbaycan tərəfi bir daha bəyan edir ki, bölgədə sülh və sabitliyin, rifah və dayanıqlı iqtisadi inkişafın təmin edilməsi üçün Ermənistanın beynəlxalq hüquqdan, eləcə də 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixlərində imzalanmış birgə bəyanatlardan irəli gələn bütün öhdəliklərinin tam şəkildə və vicdanla icra edilməsinin alternativi yoxdur.

 

Mənbə

Arxiv üzrə axtarış