Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin açıqlaması
25 illik fasilədən sonra BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsinə dair 29 sentyabr və 19 oktyabrda müzakirələr keçirilmişdir.
Təəssüf hissi ilə qeyd etmək istərdik ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğalı ilə əlaqədar 822, 853, 874 və 884 saylı dörd qətnaməsinin qəbul olmasına baxmayaraq, BMT TŞ-da Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar sonuncu müzakirələr 1995-ci ildə keçirilmişdir.
BMT Təhlükəsizlik Şurasının qətnamələrində Ermənistanın Azərbaycana qarşı gücdən istifadə etməsi pislənilir, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu vurğulanır və Ermənistan qoşunlarının Azərbaycanın bütün işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tam çıxarılması tələb olunur.
19 oktyabrda BMT TŞ-da Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar keçirilmiş müzakirələrdən sonra TŞ-nın sədri adından bəyanat layihəsi hazırlanmışdır. Bəyanat layihəsində BMT TŞ-nın məlum qətnamələrinə istinad öz əksini tapmamışdır. Sözügedən layihə əsasən Rusiya Federasiyası və Fransa tərəfindən hazırlanmışdır.
BMT TŞ-nın qeyri-daimi üzvləri olan və Qoşulmama Hərəkatının üzvü olan İndoneziya, Niger, Tunis, Vyetnam, Cənubi Afrika, Sent Vinsent və Qrenadin və Dominikan Respublikası iki dəfə sükut prosedurunu pozaraq, BMT TŞ qətnamələrinə istinadın bəyanata daxil edilməsinə israr etmişlər. Bununla həmin dövlətlər BMT Nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT TŞ-nın qətnamələrinə, Bandunq prinsiplərinə, QH-nın sənədlərinə sadiqliyini növbəti dəfə nümayiş etdirmişlər.
Qoşulmama Hərəkatı üzv dövlətlərinin israrlı və prinsipial mövqeyindən sonra haqqında bəhs olunan bəyanat layihəsi rəsmən geri götürülmüşdür.
Prezident İlham Əliyev İndoneziya, Niger, Tunis, Vyetnam, Cənubi Afrika, Sent Vinsent və Qrenadin və Dominikan Respublikasına həmrəylik göstərərək ədalətli və prinsipial mövqelərinə görə təşəkkürünü ifadə edir. Bildirir ki, Qoşulmama Hərəkatının Sədri kimi, 2019-cu ildə Bakıda keçirilmiş XVIII Zirvə toplantısında çıxışında dediyi kimi bundan sonra da üzv dövlətlərin maraqlarını, beynəlxalq hüququ və ədaləti BMT-də və digər beynəlxalq təşkilatlarda müdafiə edəcəkdir.
Qoşulmama Hərəkatının Sədri qismində Prezident İlham Əliyev bütün QH üzv ölkələrinə müraciət edərək Bandunq Prinsipləri əsasında həmrəyliyə, birliyə və qarşılıqlı dəstəyə çağırır.