2020-09-27

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin məlumatı

Cari ilin 27 sentyabr tarixində Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov və Azərbaycan Respublikası Prezidentinin köməkçisi, xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyevin iştirakı ilə Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarının rəhbərləri ilə video konfrans formatında görüş keçirilib.

Görüşdə Ermənistan silahlı qüvvələrinin bu ilin 27 sentyabr tarixində iriçaplı silahlardan və artilleriya qurğularından istifadə edərək cəbhə xətti boyu Azərbaycan mövqelərinə qarşı növbəti təcavüz aktı nəticəsində bölgədə yaranan son dərəcə gərgin vəziyyətlə bağlı Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqlarının rəhbərlərinə müvafiq təlimatlar verilib.

Azərbaycan Respublikasının Prezidentinin mövcud vəziyyət ilə bağlı Azərbaycan xalqına etdiyi müraciətə, eləcə də dövlət rəhbəri tərəfindən Təhlükəsizlik Şurasının iclasında verilmiş təlimatlara istinadən diplomatik nümayəndəliklərimiz üzərlərinə düşən vəzifələr ilə bağlı məlumatlandırılıb. Mövcud vəziyyətdə diplomatik nümayəndəliklərimizin xüsusi şəkildə fəaliyyətə keçdiyi vurğulanıb, eləcə də xarici ölkələrdə ermənilər tərəfindən təxribatların törədilməsi ehtimalının yüksək olması səbəbindən diplomatlarımızın, həmçinin bu ölkələrdəki həmyerlilərimizin son dərəcə ehtiyatlı davranması məsləhət görülüb.

Görüşdə, həmçinin diplomatik nümayəndəlik və konsulluqlarımıza yaranmış bu vəziyyətdə Azərbaycanla bağlı və bölgədəki vəziyyətə dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün lazımı tədbirlərin görülməsi tapşırılıb.

Mənbə: AR Xarici İşlər Nazirliyi 

Arxiv üzrə axtarış