2020-08-12

Azərbaycanın İtaliyadakı səfiri: "Dünyanın müxtəlif ölkələrinə səpələnmiş ermənilərin sabah həmin ölkələrdə də yeni erməni dövlətlərinin yaranmasını tələb etməsi nə qədər məntiqsiz görünərsə, Azərbaycan ərazisində ikinci erməni dövlətinin qurulmasını tələb etmək də bir o qədər məntiqsizdir"

Səfir Məmməd Əhmədzadə İtaliyanın “İl Sussidiario” xəbər portalında Ermənistanın İtaliyadakı səfiri Tsovinar Hambardzumyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini və Tovuz istiqamətində baş verən son hadisələri təhrif edən, Ermənistandan sülhpərvər ölkə, ermənilərdən isə məzlum xalq obrazını yaratmağa hesablanmış fikirlərinə və Azərbaycana qarşı uydurma iddialarına, hətta Azərbaycanın nüvə müharibəsi istədiyi kimi gülünc sayıqlamalarına cavab verib.
M.Əhmədzadənin həmin portalda dərc olunmuş “Azərbaycan səfiri: erməni saxtakarlıqlarına bizim cavabımız” sərlövhəli yazısında qeyd olunur ki, erməni səfirinin fikirləri erməni tərəfinin Azərbaycana qarşı 30 ildən artıqdır ki, həyata keçirdiyi hərbi təcavüzü ört-basdır etmək üçün İtaliya ictimaiyyətini aldatmaqdan başqa bir şey deyildir. “Azərbaycan Cənubi Qafqazda təhlükəsizliyin və sülhün qarantıdır. Məhz bizim həyata keçirdiyimiz çoxmilyardlı enerji, nəqliyyat və infrastruktur layihələri bölgəyə inkişaf, əməkdaşlıq, rifah və sabitlik gətirib. Çoxmədəniyyətli və çoxkonfessiyalı Azərbaycan sivilizasiyalararası dialoqun əsas təşviqatçılarından biridir. Bütün qonşularına qarşı ərazi iddiaları irəli sürən, başqa mədəniyyətlərə qarşı dözümsüzlüyü dövlət siyasətinə çevirmiş monoetnik Ermənistan isə bölgənin təhlükəsizliyinə əsas təhdiddir”, deyə diplomat qeyd edir.
“30 ildən çoxdur ki, Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafındakı yeddi rayon daxil olmaqla beynəlxalq səviyyədə tanınmış ərazilərimizin 20 faizini hərbi yolla işğal etmiş, həmin ərazilərdə bütün azərbaycanlılara qarşı etnik təmizləmə, çoxsaylı müharibə cinayətləri, Xocalı soyqırımını törətmiş, 1 milyondan çox azərbaycanlını öz tarixi torpaqlarından qaçqın və məcburi köçkün salmış, onları öz evlərinə qayıtmaq, öz yaxınlarının məzarlarını belə ziyarət etmək hüququndan məhrum etmiş Ermənistanın sülhdən və yüksək insani dəyərlərdən danışmağa heç bir haqqı yoxdur və bu, riyakarlıqdan başqa bir şey deyildir”, deyə M.Əhmədzadə fikirlərinə davam edir.
Erməni səfirinin istər beynəlxalq hüququn norma və prinsiplərini, istərsə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların mahiyyətini tam təhrif etdiyini bildirən M.Əhmədzadə vurğulayır: “Erməni xalqı öz müqəddəratını təyin etmə hüququndan istifadə edərək Ermənistan dövlətini qurub. Dünyanın müxtəlif ölkələrinə səpələnmiş ermənilərin sabah həmin ölkələrdə də yeni erməni dövlətlərinin yaranmasını tələb etməsi nə qədər məntiqsiz görünərsə, Azərbaycan ərazisində ikinci erməni dövlətinin qurulmasını tələb etmək də bir o qədər məntiqsizdir. Dağlıq Qarabağ xalqı adlı bir məfhum yoxdur. Dağlıq Qarabağın hazırda orada yaşayan erməni icması, oradan zorla qovulmuş azərbaycanlı icması var. Azərbaycanda bir məsəl var: “Yersiz gəldi, yerli qaç”. Sonradan Dağlıq Qarabağda məskunlaşdırılmış ermənilərin oranın köklü sakinləri olan azərbaycanlıları həmin ərazidən güc tətbiq etməklə qovaraq özlərinə öz müqəddəratını təyin etmək hüququnu tələb etmələri bu məsələ tam uyğundur”.
Diplomat bildirib ki, yalnız azərbaycanlıların Dağlıq Qarabağa qayıtmasından sonra həmin bölgəyə dünyada, o cümlədən İtaliyada mövcud olan ən yaxşı modellərə istinad edərək Azərbaycanın ərazi bütövlüyü çərçivəsində muxtariyyət statusunun verilməsinə baxıla bilər. “Azərbaycanın mövqeyi beynəlxalq hüquqa, Helsinki Yekun Aktına, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş çoxsaylı sənədlərə, o cümlədən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əsaslanıb. Mən erməni səfirinə elə onun özünün istinad etdiyi Helsinki Yekun Aktını, xüsusilə də orada xalqların öz müqəddəratını təyin etmə hüququnun hansı şərtlər altında həyata keçirilməsi müddəasını diqqətlə oxumağı məsləhət görürəm”, deyə M.Əhmədzadə vurğulayıb.
M.Əhmədzadə qeyd edib ki, təcavüzkar əməllərinin ifşa olunduğunu və “kiçik, əzilən, təqib olunan, əzabkeş xalq” obrazının yırtıldığını görən erməni tərəfi bu dəfə də Azərbaycana qarşı Metsamor uydurmaları ilə beynəlxalq ictimaiyyəti aldadır. “Seysmik zonada yerləşən və köhnəlmiş texnologiyaya əsaslanan Metsamor nüvə stansiyası özü-özlüyündə bölgəyə böyük təhdiddir. Məhz bölgənin təhlükəsizliyinə görə narahat olan Azərbaycan daimi olaraq müxtəlif beynəlxalq forumlarda bu stansiyanın bağladılması tələbini qaldırır. Ermənistanın məsuliyyətsiz israrı nəticəsində bu stansiya hələ də fəaliyyətdədir. Görünür Ermənistan Qafqazın ikinci Hirosimasına da müəlliflik etmək istəyir, çünki Ermənistanın işğal edərək viran qoyduğu Azərbaycanın Ağdam rayonu Qafqazın Hirosiması adlanır”.
Səfir əlavə edib ki, davamlı olaraq Azərbaycanın vacib strukturlarını hədəf almaqla hədələyən Ermənistan son hərbi təxribatları ilə bunu əməldə də sübut etdi. Çünki Ermənistanın 12 iyul tarixində hücum etdiyi Azərbaycanın Tovuz rayonu Avropanın, xüsusilə də İtaliyanın enerji təhlükəsizliyi üçün vacib olan, Azərbaycandan Avropaya neft və qazın nəqliyyatı infrastrukturunun keçdiyi strateji əhəmiyyətli bölgədir.
M.Əhmədzadə bildirib ki, Azərbaycan münaqişənin həlli üçün substantiv və nəticələrə yönəlik danışıqların tərəfdarıdır, Ermənistanın niyyəti isə danışıqlar prosesini uzatmaq, işğal olunmuş ərazilərdə status-kvonu saxlamaq və fait-accompli-ni gücləndirməkdir.
“Əgər Ermənistan həqiqətən də bölgədə sülh istəyirsə öz işğal siyasətindən və beynəlxalq ictimaiyyəti aldatmaq niyyətindən əl çəkməli və ilk növbədə öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır. Çünki Ermənistan qoşunlarının Azərbaycan ərazilərində yerləşməsi bölgədəki sülhə və təhlükəsizliyə əsas təhdiddir. Yalnız bunu edəcəyi təqdirdə Ermənistanın sülhə hazır olduğunun şahidi olacağıq. Bütün dünya ictimaiyyəti də öz təcavüzkar əməllərini “kiçik, əzilən, təqib olunan, əzabkeş xalq” obrazı altında gizlədən Ermənistanın sülh ismarıclarının həqiqiliyinə inanmaq istəyirsə Ermənistandan məhz bunu tələb etməlidir”, deyə diplomat fikirlərini tamamlayıb.

Arxiv üzrə axtarış