2019-05-30

Heydər Əliyev Fondu ilə İtaliyanın TechnipFMC şirkəti arasında əməkdaşlıq memorandumu çərçivəsində magistr proqramı təqdim edilib

Mayın 30-da Heydər Əliyev Fondu və İtaliyanın neft və qaz şirkəti-TechnipFMC arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində həyata keçiriləcək “Neft, qaz və neft-kimya sahəsində təhsil alan tələbələr üçün texnoloji biliklərin ötürülməsi üzrə magistr proqramı“ layihəsinin təqdimatı olub.

Heydər Əliyev Fondu ilə İtaliyanın neft və qaz şirkəti-TechnipFMC arasında əməkdaşlıq memorandumu çərçivəsində neft-qaz sahəsində çalışan tələbələr üçün magistr proqramı üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi tədbirlərinin keçirilməsi, elm, texnologiya və təhsil sahələrində birgə layihələrin icrası nəzərdə tutulur.

Sənədi Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və TechnipFMC şirkətinin prezidenti Marko Villa imzalayıb.

Layihə ilə bağlı təqdimat tədbirində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi, Dövlət Neft Şirkəti (SOCAR), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Bakı Ali Neft Məktəbi və digər təşkilatların nümayəndələri iştirak ediblər.

TechnipFMC şirkətinin prezidenti Marko Villa çıxış edərək imzalanan əməkdaşlıq memorandumunun əhəmiyyətindən danışıb. O qeyd edib ki, şirkət Azərbaycanla bu sahədə əməkdaşlığı davam etdirmək niyyətindədir: “Bizim şirkətimiz bu sahədə innovasiyaların tətbiqini dəstəkləyir. Biz Azərbaycanla nəqliyyat texnologiyası, innovasiyalar sahəsində əməkdaşlıq edə bilərik”.

Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr departamentinin rəisi Soltan Məmmədov təlim proqramının məqsədi barədə danışıb. O bildirib ki, bu proqram ölkənin təhsil, ətraf mühit və texnoloji sektorunun inkişafına töhfə verilməsi, texnologiya və sənaye innovasiyalarının azərbaycanlı tələbələrə və peşəkarlara ötürülməsi, onların bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində mühüm layihələrdəndir. Bildirilib ki, memorandum çərçivəsində Azərbaycanda fəaliyyət göstərən müvafiq tədris müəssisələrinin bu layihəyə cəlb olunması nəzərdə tutulur. Magistr proqramı həm ölkə daxilində, həm də xaricdə həyata keçiriləcək.

TechnipFMC şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Luici Fiorentino şirkətin ölkəmizdəki fəaliyyəti barədə məlumat verib. O qeyd edib ki, TechnipFMC – dəniz səviyyəsindən aşağıda, quruda və dənizdə, eləcə də yerüstü texnologiyalar sahəsində EPC (Layihələndirmə, Satınalma və Tikinti) qlobal liderdir. Şirkət Azərbaycanda 1997-ci ildən fəaliyyət göstərir və burada “Şahdəniz 1” (TPG-500) üçün birinci platforma kimi çoxsaylı layihələr həyata keçirib. Bundan əlavə, TechnipFMC Azərbaycanda neft-kimya sahəsində yeganə lisenziya almış şirkət olaraq bir sıra layihələr hazırlayıb. Bunların sırasında SOCAR Azərikimya layihəsini qeyd etmək olar. Bu layihədə yeni krekinq sobaları və qaz emalı qurğusu qurulur. Həmçinin SOCAR GPC layihəsində həm qaz emalı, həm də neft-kimya buxarlı krekinq qurğusu da tam olaraq TechnipFMC-nin texnologiyaları əsasında layihələndirilib.

Mənbə: Heydər Əliyev Fondu

 

Arxiv üzrə axtarış