Xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorka səfəri çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar tədbirlərdə iştirak edib və BMT Baş Məclisinin prezidenti Miroslav Layçak ilə görüşüb
29 mayda Nyu-York şəhərində Wall Street-də Xarici işlər naziri Elmar Məmmədyarovun iştirakı ilə Azərbaycan Respublikasının bayrağının təntənəli qaldırılması mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin Baçmlsl səfir Yaşar Əliyev, Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfəri Elin Süleymanov, Nyu-York şəhəri meriyasının rəsmiləri, ABŞ-da olan Azərbaycan diaspora və ictimaiyyət nümayəndələri iştirak edib.
Azərbaycan bayrağının qaldırılması mərasimində çıxış edən nazir Elmar Məmmədyarov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və ölkəmizin bugünkü nailiyyətləri haqqında danışaraq bildirib ki, Cümhuriyyətin qurucuları sağ olsaydılar müasir Azərbaycan Respublikası ilə fəxr edərdilər.
Səfər əsnasında nazir Elmar Məmmədyarov BMT Baş Məclisinin Prezidenti Miroslav Layçaq ilə görüşüb. Görüşdə Azərbaycan Respublikası ilə BMT arasında əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparılıb. Miroslav Larçaq bu ilin aprelində Qoşulmama Hərəkatının Bakıda keçirilən xarici işlər nazirləri toplantısında iştirak etmək üçün Azərbaycana səfərini xatırlayaraq bu səfərdən və keçirdiyi görüşlərdən məmnun qaldığını bildirib.
BMT Baş Məclisinin gündəliyində duran məsələlərə toxunan Elmar Məmmədyarov Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrliyi müddətində prioritetləri barəsində həmsöhbətə məlumat verib.
Söhbət zamanı Azərbaycan tərəfindən Dayanıqlı İnkişaf Məqsədlərinin milli səviyyədə uğurla həyata keçirilməsi məmnuniyyətlə qeyd olunub.
BMT Baş Məclisinin gündəliyində Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət adlı gündəlik maddəsinə istinad nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə mövcud vəziyyət barədə danışaraq ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri tərəfindən də qeyd olunduğu kimi işğala əsaslanan status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu vurğulayıb. O, dövlətlərarası münasibətlərdə qanunun aliliyinin təmin olunması, bütün dövlətlər tərəfindən BMT Nizamnaməsi ilə üzərilərinə düşən öhdəliklərin yerinə yetirilməsi, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi və ərazi əldə edilməsi cəhdlərinin qəbuledilməz olduğunu bildirib.
Həmin gün Nyu-Yorkda xarici işlər naziri Elmar Məmmədyarovun iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və Respublika Günü münasibətilə qəbul keçirilib. Qəbulda BMT-nin rəhbərliyi, üzv dövlətlərin BMT yanında nümayəndəliklərinin başçıları-səfirlər, ictimai-siyasi xadimlər, Nyu-York şəhərinin meriyasının nümayəndələri, Azərbaycan diasporasının üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyinin Başçısı səfir Yaşar Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dövrünə nəzər salaraq bu gün müstəqil və suveren Azərbaycanın BMT-nin layiqli və məsuliyyətli üzvü olduğunu diqqətə çatdırıb. Səfir Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul olunan dövlət himninin fövqəladə şah əsəri olduğunu deyərək himnin hər bir azərbaycanlının ruhunu oxşadığını, musiqi ahəngi və axarı ilə Azərbaycanın müstəqillik yolunu təcəssüm etdirdiyini qeyd edib və sözü xarici işlər naziri Elmar Məmmədyarova verib.
Nazir Elmar Məmmədyarov Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman şərqində ilk parlamentli respublikası olduğunu qeyd edərək AXC dövründə dövlət təsisatlarının yaradılması, Bakı Dövlət Universitetinin təsis olunması, gənclərin dövlət təqaüdü ilə təhsil almaq üçün dünyanın aparıcı universitetlərinə göndərilməsi, fundamental hüquq və azadlıqların təmin edilməsi, qadınlara seçki hüququnun verilməsi kimi həyata keçirilən mütərəqqi işlərdən danışıb. Nazir Paris Sülh konfransında AXC-nin yekdilliklə de-fakto tanınması və diplomatik səviyyədə görülən fəaliyyət barədə məlumat verərək AXC-nin layiqli varisi kimi Azərbaycan Respublikasının öz müstəqilliyini bərpa etməsi, qonşu Ermənistanın təcavüzünə və ərazilərimizin işğalına baxmayaraq ümummilli lider Heydər Əliyevin dövlətçilik irsi əsasında Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf etdiyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən BMT Baş Məclisinin Prezidenti Miroslav Layçak Azərbaycan xalqı və dövlətini Respublika günü və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətli təbrik edib. O, Azərbaycanın bu gün beynəlxalq münasibətlərdə və BMT sistemində fəal rol oynadığını, sivilizasiyalararası dialoqun möhkəmləndirilməsi və multikulturalizmin təşviqinə əsaslı töhfələr verdiyini qeyd edib.
Tədbir Azərbaycan milli mətbəx və mədəniyyət nümunələrinin təqdimatı ilə davam edib.
Xarici işlər naziri Elmar Məmmədyarovun ABŞ-a işgüzar səfəri davam edir.