2018-05-02

Xarici işlər naziri Elmar Məmmədyarov San Marino Respublikasının Xarici İşlər üzrə Dövlət Katibinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində San Marino Respublikasının Xarici İşlər üzrə Dövlət Katibi Nikola Renzinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Tərəflər iki ölkə arasında siyasi və iqtisadi əlaqələrinin möhkəmləndirilməsində mütəmadi olaraq yüksək səviyyəli görüşlərin keçirilməsinin vacibliyini vurğuladılar. 

Tərəflər Azərbaycan və San Marino arasında ticarət əlaqələrinin iki ölkənin potensialına uyğun olmadığını qeyd edərək, bunun daha da dərinləşdirilməsi imkanları ətrafında fikir mübadiləsi apardılar. Bu məqsədlə nazirlər iqtisadi-ticarət əlaqələrinin təşviq edilməsi üçün iki ölkənin biznes dairələri arasında birbaşa təmasların yaradılmasının və biznes forumların keçirilməsinin vacibliyini vurğuladılar.

Nazirlər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxundular. Nazir Elmar Məmmədyarov ölkəmizin Expo-2025-ə ev sahibliyi etmək üçün müraciət etməsi barədə həmkarına məlumat verdi. 

Nazir Elmar Məmmədyarov həmsöhbətə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqda geniş danışaraq, münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməli olduğunu diqqətə çatdırdı. 

Görüş zamanı nazirlər kənd təsərrüfatı, humanitar, turizm, idman və digər sahələrdə əməkdaşlıq imkanları barəsində fikir mübadiləsi apardılar.

Görüşün sonunda nazirlər "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə San Marino Respublikasının Xarici İşlər Nazirliyi arasında Anlaşma Memorandumu"nu imzaladılar.

http://mfa.gov.az/az/news/909/5629 

Arxiv üzrə axtarış