2018-02-12

Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Vatikanın xarici dövlətlərlə əlaqələr üzrə katibi (xarici işlər naziri) Pol Riçard Qalaqerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Tərəflər Azərbaycan və Vatikan arasında əlaqələrin inkişafından məmnun olduqlarını ifadə etdilər. 24-27 sentyabr 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin və 6 mart 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vatikana rəsmi səfərlərinin, eləcə də Roma Papası II İoan Pavelin 2002-ci ilin may ayının 22-də və Papa Fransiskin 2016-cı il oktyabr ayının 2-də ölkəmizə həyata keçirdikləri tarixi səfərlərin Azərbaycan-Vatikan əlaqələrində yeni mərhələ açdığı xüsusilə qeyd olundu.

Azərbaycanın tarixən müxtəlif mədəniyyətlər və dinlərin nümayəndələrinin sülh şəraitində birgə yaşadığı məkan olduğunu bildirən nazir Elmar Məmmədyarov Azərbaycanın milli tolerantlıq ənənələri əsasında dünyada sülh şəraitində birgə yaşayış, qarşılıqlı hörmət və multikulturalizm ideyalarını təşviq etdiyini diqqətə çatdırdı. Bu xüsusda, ölkəmizin təşəbbüsü ilə keçirilən Beynəlxalq Humanitar Forum və Mədəniyyətlərarası və Dinlərarası Dialoq Forumunun əhəmiyyəti vurğulandı.

Ölkəmizdə olmasından məmnunluğunu bildirən P.R.Qalaqer Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul olunduğunu və görüş zamanı çox faydalı müzakirələrin aparıldığını bildirdi. Azərbaycanda katolik icmasına göstərilən dəstək və qayğıya görə öz təşəkkürünü bildirən arxiyepiskop ölkəmizdə tolerantlıq səviyyəsini və digər dini icmalara hörməti yüksək qiymətləndirdi.

2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunduğunu bildirən nazir Elmar Məmmədyarov Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransın keçirildiyini və Vatikan nümayəndəsinin sözügedən konfransda iştirakını təqdirəlayiq bir hal kimi qiymətləndirdi.

Müqəddəs Taxt-tacın Mədəniyyət üzrə Pontifik Şurası ilə Heydər Əliyev Fondu arasında sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu qeyd edən tərəflər bu sahədə əməkdaşlığın daha da inkişafında Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın müstəsna rolunu qeyd etdilər. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Vatikanda bir sıra tarixi abidələrin, ələlxüsus katakombaların bərpası məsələsi yüksək qiymətləndirildi.

Ölkəmizin orta əsr tarixi ilə bağlı Vatikanın arxivlərində çoxlu sayda qiymətli sənədlərin mövcud olduğunu xatırladan nazir Elmar Məmmədyarov sözügedən yazıların üzrə çıxarılmasında göstərdiyi dəstəyə görə Vatikana öz dərin təşəkkürünü bildirdi və bu sahədə əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğuladı. 

Görüş əsnasında nazir Elmar Məmmədyarov həmkarına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi, Azərbaycanın haqlı və ədalətli mövqeyi, habelə, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycan xalqına aid maddi-mədəni və dini irsin talan və məhv edilməsi siyasəti haqqında məlumat verdi. Habelə, Ermənistan tərəfindən Suriyadan olan erməni əsilli qaçqınların qeyri-qanuni şəkildə işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirilməsinə toxunan nazir Elmar Məmmədyarov bildirdi ki, işğal olunmuş ərazilərdə məskunlaşma siyasətinin aparılması və məqsədyönlü şəkildə demoqrafik tərkibin dəyişdirilməsi cəhdləri beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. Nazir Ermənistanın işğalı nəticəsində bir milyondan artıq azərbaycanlının etnik təmizləməyə məruz qaldığını diqqətə çatdırdı. 

Görüşdə bu gün dünyada artmaqda olan rasizm, ksenofobiya, etnik və dini zəmində nifrət meylləri, münaqişələrə dini don geyindirmək cəhdlərinə münasibətdə qarşılıqlı narahatlıq ifadə edildi. 

Həmçinin, tərəflər Azərbaycan və Vatikan arasında əlaqələrin inkişafı, yüksək səviyyəli qarşılıqlı səfər mübadiləsi kimi məsələlər ətrafında fikir mübadiləsi apardılar.

http://mfa.gov.az/az/news/909/5468 

Arxiv üzrə axtarış