2017-11-03

Birinci vitse-prezident Mehriban Əliyeva İtaliya Senatının sədr müavini Linda Lanzillottanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Noyabrın 2-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva İtaliya Senatının sədr müavini xanım Linda Lanzillottanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Mehriban Əliyeva ölkəmizə göstərilən dostluq münasibəti və diqqətə görə İtaliya Senatının sədr müavini Linda Lanzillottaya minnətdarlığını bildirib. Bu il Azərbaycan ilə İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinin qeyd olunduğunu deyən Mehriban Əliyeva ölkələrimiz arasında uğurlu, ikitərəfli maraqlara cavab verən münasibətlərin mövcudluğunu məmnunluqla qeyd edib.
Əməkdaşlığımızın bir çox sahələri – siyasi, iqtisadi, humanitar sahələri əhatə etdiyi və əlaqələrimizin inkişaf etdiyi, ölkəmizin Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verdiyi vurğulanıb, “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi ilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminində rolunun daha da artacağı diqqətə çatdırılıb. Bildirib ki, İtaliya da TAP layihəsinə qoşularaq bu sahədə Azərbaycan ilə çox uğurlu əməkdaşlıq edir. Mehriban Əliyeva Trans-Adriatik (TAP) boru kəmərinin inşası ilə bağlı bu günədək işlərin 60 faizinin görüldüyünü deyərək kəmərin vaxtında istifadəyə veriləcəyinə ümidvar olduğunu bildirib.
İtaliya ilə münasibətlərin bir çox sahələrdə inkişaf etdiyi, eyni zamanda, potensialın daha böyük olduğu və gələcəkdə bu potensialdan daha səmərəli istifadə olunacağına əminlik ifadə edilib. Bildirib ki, humanitar sahədə ölkələrimizi və xalqlarımızı bir-birinə daha yaxın edən layihələr reallaşa bilər.
Mehriban Əliyeva İtaliya Senatının sədr müavininin ölkəmizə səfərinin bu istiqamətdə atılan addımlara yeni təkan verəcəyinə ümidvar olduğunu bildirib.
İtaliya Senatının sədr müavini Linda Lanzillotta görüşə görə minnətdarlıq edərək ölkəmizlə münasibətlərin inkişafında İtaliyanın maraqlı olduğunu vurğulayıb.

Arxiv üzrə axtarış