Səfir Məmməd Əhmədzadənin Sardiniya regionuna səfəri
Cari ilin 8-9 iyun tarixlərində səfir Məmməd Əhmədzadə İtaliyanın Sardiniya muxtar regionuna səfər etmiş və səfər çərçivəsində regionun prezidenti Françesko Piliyaru, Kaliyari şəhər merinin istehsalat, turizm və bərabər imkanlar üzrə müavini Marziya Çillokku, Kaliyari Universitetinin rektoru Maria del Zompo, regionun Sənayeçilər İttifaqının prezidenti Alberto Skanu və Kaliyari şəhərinin Ticarət Palatasının sədri Mauritsio de Paskale ilə görüşlər keçirmişdir.
M.Əhmədzadə Sardiniya regionunun prezidenti F.Piliyaru ilə görüşü zamanı ölkəmiz, son dövrlərdə həyata keçirilmiş islahatlar və əldə edilmiş nailiyyətlər, İtaliya-Azərbaycan arasında təşəkkül tapmış strateji tərəfdaşlıq münasibətləri, həyata keçirilmiş yüksək səviyyəli səfərlər, Azərbaycanda fəaliyyət göstərən italyan şirkətləri, qarşılıqlı sərmayə qoyuluşları və perspektivləri, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi və xarici sərmayələrin cəlb edilməsi məqsədilə həyata keçirilən tədbirlər, ölkələrimiz arasında mədəniyyət, təhsil və sosial sahələrdə əlaqələrin inkişafı istiqamətində görülmüş işlər barədə məlumat vermişdir. M.Əhmədzadə Azərbaycan-İtaliya əməkdaşlığında iki ölkənin müvafiq bölgələri arasında da əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, bu xüsusda Sardiniya ilə də əlaqələrin inkişaf etdirilməsinin faydalı olacağını bildirmişdir.
F.Piliyaru Sardiniya regionunun iki ölkə arasındakı münasibətlərin daha da inkişafına öz töhfəsini vermək və turizm, İKT, kənd təsərrüfatı və qida sənayesi kimi prioritet sahələrdə əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirmiş, bu məqsədlə Sardiniya şirkətlərinin Azərbaycanla əlaqələrinin qurulmasının məqsədəuyğunluğunu vurğulamışdır.
Kaliyari şəhər merinin istehsalat, turizm və bərabər imkanlar üzrə müavini Marziya Çillokku ilə görüşü zamanı da Azərbayan-İtaliya münasibətləri, müxtəlif şəhərlər arasında əməkdaşlıq, bu xüsusda Kaliyari şəhəri ilə ölkəmizin müvafiq şəhəri arasında əlaqələrin yaradılmasının müsbət olacağı vurğulanmışdır. M.Çillokku Kaliyari şəhəri barədə məlumat verərək, ölkəmizlə xüsusən də turizm və İKT sahələrində, həmçinin ali təhsil müəssisələri arasında əməkdaşlığın qurulmasında maraqlı olduqlarını qeyd etmişdir.
Kaliyari Universiteti rektoru Maria del Zompo ilə görüşdə M.Əhmədzadə ölkəmiz, onun təhsil sistemi və bu sahədə görülmüş işlər, ölkəmizin tələbələrin xaricdə təhsil almasının təşviq edilməsi, həmçinin son illər İtaliyaya təhsil almaq məqsədilə gələn azərbaycanlıların sayının surətlə artması barədə məlumat vermişdir. Görüşdə Kaliyari Universiteti ilə Azərbaycanın müvafiq ali təhsil müəssisələri arasında əməkdaşlığın qurulması imkanları müzakirə edilmişdir.
Sardiniya Regionunun Sənayeçilər İttifaqının prezidenti Alberto Skanu və Kaliyari şəhərinin Ticarət Palatasının sədri Mauritsio de Paskale ilə birgə görüş zamanı tərəflər arasında Azərbaycanla Sardiniya arasında logistika-nəqliyyat, səhiyyə, turizm və qida sənayesində əməkdaşlıq və sərmayə qoyuluşu imkanlarına dair ətraflı fikir mübadiləsi aparılmışdır.