Xocalı Soyqırımının 25 illiyi Neapol şəhərində də anılmışdır
Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Azərbaycanın İtaliyadakı səfirliyi, Neapol-Bakı Assosiasiyası və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə Neapol şəhərində Xocalı soyqırımının qurbanlarının anım tədbiri keçirilmişdir. Neapol şəhəri və Kampaniya regionunun rəsmilərinin, elmi-akademik, işgüzar dairələrinin, KİV-lərinin nümayəndələrinin iştirakıyla keçirilən tədbiri giriş sözü ilə Assosiasiyanın prezidenti Cüzeppe Kaniqlia açaraq tədbirə qatılanları erməni vəhşiliyinin bariz nümunəsi olan Xocalı soyqırımı haqda çəkilmiş "Sonsuz dəhliz" filminə baxmağa dəvət etmişdir.
Film Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində çəkilib və Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə hər il dünyanın müxtəlif şəhərlərində təqdim olunur.
Bu film tanınmış prodüser Aleksandras Brokas və nüfuzlu “Grammy Award” mükafatçısı Cerald Rafşun Xocalı dəhşətlərinin şahidi olan iki xarici jurnalistin faciədən 20 il sonra yenidən Azərbaycana səfər edərək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşməsi və onların bölüşdüyü xatirələr, eləcə də Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibələri əsasında çəkilib.
Filmin təqdimatından sonra Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə 1992-ci il 25 fevraldan 26 fevrala keçən gecə Xocalıda Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı törədilən bəşəriyyətin ən amansız qətliamı barədə ətraflı danışmışdır. O, erməni qəsbkaları tərəfindən zəbt olunmuş Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin – Dağlıq Qarabağ regionu və ətraf rayonların hələ də işğal altında qaldığını, həmin ərazilərdə mədəni-tarixi irsimizin məhv edildiyini, etnik təmizləməyə məruz qalmış 1 milyondan artıq azərbaycanlının öz doğma yurd-yuvalarından didərgin düşdüyünü, beynəlxalq təşkilatlar tərəfindən münaqişə ilə bağlı qəbul edilmiş çoxsaylı sənədlərə Ermənistanın məhəl qaymadığını vurğulamışdır. Xocalıda baş verənlərlə bağlı beynəlxalq səviyyədə məlumatlandırmanın daha da genişləndirilməsinin vacibliyini bildirən səfir bu xüsusda, İtaliyanın müxtəlif şəhərlərində tədbirlərin təşkil olunduğu barədə məlumat vermişdir. Ermənistanın Xocalı soyqırımı ilə bağlı öz inkarçı mövqeyindən, eləcə də Azərbaycana qarşı hərbi təcavüz siyasətindən əl çəkməsi üçün beynəlxalq ictimaiyyətin qəti mövqeyinin əhəmiyyətli olduğunu bildirmişdir.
Tədbirdə iştirak edən millət vəkili Qənirə Paşayeva bu qanlı cinayət barədə ürək ağrısı ilə danışmışdır. O, bu soyqırım vaxtı dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş vəhşiliklər, o cümlədən uşaqların, qadınların, yaşlıların vəhşicəsinə, ağlasığmaz qəddarlıqla qətlə yetirildiyi barədə məlumat vermişdir. Ədalətin bərqərar olması üçün Xocalıda baş vermiş soyqırımın günahkarlarının mühakimə olunmasının və beynəlxalq ictimaiyyətin bu soyqırıma qiymət verməsinin zəruriliyini bildirən millət vəkili İtaliya Senatında Xocalı soyqırımınının 25-ci ildönümünün anılması ilə bağlı verdikləri bəyanatlara görə italyan senatorlara təşəkkürünü ifadə etmişdir. Azərbaycanlı millət vəkili vurğulamışdır ki, erməni tərəfinin baş verənlərin müharibə olduğu iddiasına italiyalı senator Maria Rizotti tutarlı cavab verərək Xocalıda qətlə yetirilənlərin dinc əhali olduğunu və dinc əhaliyə qarşı müharibə aparlmasının heç bir məntiqə sığmadığını bildirmişdir.
Neapol-Bakı Assosiasiyasının vitse prezidenti Elnur Camalxanov Xocalı qətliamını ermənilər tərəfindən 19-cu əsrdən başlayaraq azərbaycanlılara qarşı yürüdülən soyqırım və torpaqlarımızın işğalı siyasəti prizmasından təqdim etmişdir.
Tədbirdə yerli kütləvi informasiya vasitələrinə müsahibələr verilmişdir.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Neapol şəhərinin meri Luis de Macistris ilə də görüşmüşdür. Görüşdə Azərbaycan-İtaliya münasibətləri, ölkəmizin həqiqətləri, Bakı və Neapol arasında qardaşlaşma əlaqələrinin tarixi, bu xüsusda ötən müddətdə həyata keçirilmiş qarşılıqlı səfərlər və tədbirlər, habelə bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün planlaşdırılan fəaliyyət istiaməqtləri barədə fikir mübadiləsi aparılmışdır. Neapol şəhərinin meri 2013-cü ildə Azərbaycana səfərindən xoş təəssüratlarını bölüşmüş, yaxın müddətdə ölkəmizə təkrar səfər etməyə marağını ifadə etmiş, habelə Neapol və Bakı arasında qardaşlaşma əlaqələrinin inkişafına töhfə verə biləcək təşəbbüsləri dəstəkləməyə hazır olduğunu demişdir.