İlham Əliyev Avropa Komissiyasının baş direktorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Avropa Komissiyasının Avropa Qonşuluq Siyasəti və genişlənmə danışıqları üzrə baş direktoru Kristian Danielsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Avropa Komissiyasının Avropa Qonşuluq Siyasəti və genişlənmə danışıqları üzrə baş direktoru Kristian Danielson ilk dəfə ölkəmizə səfər etdiyini, paytaxtımızın arxitekturasının, xüsusilə də Heydər Əliyev Mərkəzinin gözəlliyinin onda dərin təəssürat yaratdığını məmnunluqla vurğuladı.
Prezident İlham Əliyev ölkəmizdə həyata keçirilən islahatlar, iqtisadiyyatın, o cümlədən ixracın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, enerji, həmçinin TAP, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə görülən işlərdən danışdı, bütün bu sahələrdə həyata keçirilən mühüm layihələrin Avropa İttifaqı ilə əməkdaşlıq müstəvisində önəmini xüsusi qeyd etdi.
Kristian Danielson Azərbaycanda görülən işlərin Avropa-Azərbaycan əməkdaşlığının müzakirəsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğuladı.
Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.