İtaliyalı jurnalist Qanlı Yanvar faciəsi barədə yazır
İtaliyanın “Dazebaonews” informasiya portalında jurnalist Romolo Martelloninin müəllifi olduğu “Azərbaycan 20 Yanvar şəhidlərini anır” sərlövhəli məqalə verilib.
Məqalədə 1990-cı il yanvarın 20-də Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə məqsədilə və sovet rejiminin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində qərəzli mövqeyinə etiraz əlaməti olaraq keçirdiyi dinc nümayişə qarşı M.Qorbaçovun əmri ilə 30 minlik sovet ordusunun müxtəlif istiqamətlərdən Bakıya hücumlar həyata keçirərək çoxlu sayda dinc əhalini qətlə yetirməsi barədə məlumat verilir.
Müəllif Azərbaycan xalqının müstəqillik arzusunu qan içində boğmağa çalışan sovet ordusu tərəfindən hərbi əməliyyat nəticəsində 140-dan artıq şəxsin qətlə yetirildiyini, 700-dən çox insanın yaralandığını, 841 nəfərin həbs olunduğunu, çoxsaylı mülki obyektlərə böyük ziyan vurulduğunu bildirir.
Məqalədə “Human Rights Watch”, “Helsinki Watch”, “Memorial” kimi qeyri-hökumət təşkilatları, habelə dünyanın aparıcı kütləvi informasiya vasitələri tərəfindən bu faciə haqda yayılmış məlumatlara istinad edilərək sovet ordusu tərəfindən günahsız insanlara tətbiq olunan fiziki güc haqqında söhbət açılır.
Dinc sakinlərə qarşı törədilən vəhşiliklərin xalqın azadlıq əzmini qıra bilməməsini vurğulayan müəllif 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsini diqqətə çatdırır, 20 Yanvar faciəsinin araşdırılması və ona siyasi-hüquqi qiymətin verilməsi istiqamətində atılmış addımlardan bəhs edir. Məqalədə ulu öndər Heydər Əliyevin Fərmanına əsasən, faciənin qurbanlarına şəhid fəxri adının verildiyi və 20 Yanvarın Ümumxalq Hüzn Günü elan edildiyi bildirilir.
Müəllif Qanlı Yanvar faciəsi zamanı Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin Bakının ən yüksək zirvəsi olan Dağüstü Parkda dəfn edildiyini, onların xatirəsini anmaq üçün Şəhidlər xiyabanının salındığını diqqətə çatdırır.
“1990-cı ilin 20 Yanvarında Azərbaycan xalqı üzləşdiyi siyasi, mənəvi və hərbi təcavüzə baxmayaraq, öz tarixi qəhrəmanlıq ənənələrini qoruyub saxlamağa və şəhid olmaq bahasına olsa belə Vətənin azadlığı və müstəqilliyinin müdafiəsi üçün ən ağır hücumlara tab gətirməyə müvəffəq olub”, - deyə jurnalist yazısını bitirir.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
http://azertag.az/xeber/Italiyali_jurnalist_Qanli_Yanvar_faciesi_barede_yazir-1028376