2016-10-13

Azərbaycanda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb

http://azertag.az/xeber/999194 

 

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncamla Şuranın sədri, sədr müavini və Şuranın üzvləri müəyyən olunub. Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının əsas məqsədi 2030-cu ilədək Azərbaycan üçün əhəmiyyət kəsb edən, qlobal məqsəd və hədəflərə uyğun milli prioritetləri və onlara dair göstəriciləri müəyyən etməkdən, ölkədə sosial-iqtisadi sahələri əhatə edən dövlət proqramlarının və strategiyaların Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşdırılmasını təmin etməkdən, habelə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması ilə əlaqədar illik hesabat hazırlamaqdan ibarət olacaq. Şura öz fəaliyyətinə yerli və xarici ekspertləri, mütəxəssisləri, beynəlxalq təşkilatları və elm müəssisələrini cəlb edə bilər, habelə ayrı-ayrı istiqamətlər üzrə işçi qruplar yarada bilər. Şuranın fəaliyyətinin təmin edilməsi məqsədilə Şuranın Katibliyi yaradılıb və katibliyin funksiyasının həyata keçirilməsi İqtisadiyyat Nazirliyinə həvalə edilib.

Mərkəzi və yerli icra hakimiyyəti orqanları və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslərə Şuranın müraciəti əsasında ildə bir dəfə, Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına dair göstəricilər üzrə statistik məlumatların Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə, görülən işlər barədə hesabatın isə Şuraya təqdim edilməsini təmin etmələri tapşırılıb. Dövlət Statistika Komitəsi Dayanıqlı İnkişaf Məqsədlərinə müvafiq olaraq müəyyən edilmiş göstəricilər üzrə statistik məlumatların işlənilməsini və onların ildə bir dəfə Şuraya təqdim olunmasını təmin edəcək. Şura Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması üzrə görülmüş tədbirlər barədə hesabatın ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək.

 

 

Arxiv üzrə axtarış