Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva İtaliya Senatında Azərbaycan-İtaliya dostluq qrupunun sədri ilə görüşüb
Sentyabrın 29-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan İtaliya Senatında Azərbaycan-İtaliya dostluq qrupunun sədri Mauro Mariya Marinonun rəhbərli etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycanın birinci xanımı ölkəmizdə hökm sürən tolerantlıq mühitindən danışıb, bir neçə gündən sonra Roma Papası Fransiskin Azərbaycana səfər edəcəyini bildirib. Mehriban Əliyeva ölkəmizdə qeyd edilən bayramlarda bütün dinlərin nümayəndələrinin birgə iştirak etdiklərini, bunun dünyadakı bəzi stereotiplərin qarşısını almaq üçün cəmiyyətə bir mesaj olduğunu söyləyib. Fondun prezidenti Mehriban Əliyeva Azərbaycan-İtaliya əlaqələrinin nümunəvi xarakter aldığını, rəhbərlik etdiyi Heydər Əliyev Fondunun İtaliyada mədəni abidələrin qorunması və bərpasında yaxından iştirak etdiyini diqqətə çatdırıb.
Qonaqlar bu dəstəyə görə təşəkkürlərini bildirərək, belə layihələrin ikitərəfli əlaqələrin güclənməsinə xidmət etdiyini bildiriblər. Onlar 2019-cu ildə Avropanın mədəniyyət paytaxtı elan olunan qədim Mattera şəhərinin İçərişəhərlə qardaşlaşması təklifini irəli sürüblər.
Mehriban Əliyeva bunu gözəl təşəbbüs kimi dəyərləndirərək bu cür addımların regionlar arasında əlaqələrin qurulmasına yaxşı imkan yaratdığını vurğulayıb.