Azərbaycan Prezidenti İlham Əliyev Bakıdakı 6 saylı seçki məntəqəsində səs verib
Sentyabrın 26-sı müasir müstəqil Azərbaycan Respublikasının tarixində növbəti ümumxalq səsverməsi (referendum) günü kimi qalacaq.
Müstəqil Azərbaycan Respublikasının ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış ilk Konstitusiyasının qəbul edilməsindən 21 il keçir. Bu müddət ərzində ölkəmiz böyük inkişaf yolu keçib, geniş hüquqi islahatlar aparılıb və bütün bunlar demokratik vətəndaş cəmiyyəti quruculuğu üçün möhkəm təməl yaradıb. Lakin ölkədə, cəmiyyətdə gedən proseslər zaman-zaman yeni tələblər irəli sürür. Konstitusiya isə elə bir sənəddir ki, o, cəmiyyətlə birlikdə inkişaf etməlidir. Bu baxımdan 2002-ci və 2009-cu illərdə Azərbaycan Konstitusiyasına edilmiş dəyişikliklərdən sonrakı dövrdə əldə olunmuş uğurlar bu islahatların təsirli və səmərəli olduğunu sübut edib. Hazırda Azərbaycan öz inkişafının elə bir mərhələsinə daxil olub ki, ölkənin Əsas Qanununa müəyyən əlavələr və dəyişikliklər edilməsi zərurətə çevrilib.
Sentyabrın 26-da ümumxalq səsverməsinə çıxarılan Referendum Aktında Konstitusiyanın 23 maddəsinə dəyişikliklər edilməsi və onun altı yeni maddə ilə tamamlanması nəzərdə tutulur. Əlavələr və dəyişikliklər insan haqlarının və azadlıqların müdafiəsini təmin edən əsasların təkmilləşdirilməsini, effektiv və çevik dövlət idarəçiliyi mexanizminin formalaşmasını, həyata keçirilən iqtisadi islahatların səmərəliliyini və ardıcıllığını təmin etmək üçün iqtisadi idarəçilik mexanizminin təkmilləşdirilməsini, qanunverici hakimiyyətin fəaliyyəti ilə bağlı yeni tələblərin müəyyən edilməsini, dövlətin təhlükəsizliyi, cəmiyyətdə sabitlik üçün əlavə təminatlar yaradılmasını nəzərdə tutur. Bütövlükdə dəyişikliklər cəmiyyətin inkişafının müasir mərhələsində onun həyat fəaliyyətinin əsas sahələrini əhatə edir.
Sentyabrın 26-da səsvermə prosesinin başladığı ilk dəqiqələrdən 6 saylı seçki məntəqəsində xüsusi canlanma müşahidə olunurdu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə seçki məntəqəsinə gəldi.
Prezident İlham Əliyev seçki məntəqəsinə daxil olub səsvermə bülletenini alaraq kabinəyə keçdi və sonra bülleteni qutuya saldı.
Bu anı respublikamızın və xarici ölkələrin mətbuat orqanlarının, televiziya kanallarının nümayəndələri izlədilər.
Birinci xanım Mehriban Əliyeva və ailə üzvləri də səs verdilər.