2016-06-02

FAO-nun baş direktor müavini: Azərbaycan Hökuməti ilə yüksək səviyyəli əməkdaşlıq əlaqələrindən məmnunuq

 

http://azertag.az/xeber/956457

Mayın 30-31-də Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov və Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Rüfət Rüstəmzadə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Şurasının 154-cü sessiyasında iştirak etmək məqsədilə təşkilatın mənzil-qərargahının yerləşdiyi İtaliyanın Roma şəhərində rəsmi səfərdə olublar.

Tədbirdə FAO-nun 2014-2015-ci illər iş proqramı və büdcəsinin icra hesabatı təqdim olunub, müvafiq qərar qəbul edilib. Həmçinin FAO-nun cari ilin mart-aprel aylarında keçirilmiş 5 regional konfransının hesabatları dinlənilib və müzakirə edilərək təsdiq olunub. Tədbir zamanı üzv ölkələrin nümayəndə heyətlərinin iştirakı ilə digər proqram, büdcə, maliyyə, inzibati və hüquqi məsələlər də müzakirə edilib.

Mayın 31-də FAO-nun baş direktor müavini Daniel Gustafson ilə Azərbaycan nümayəndə heyətinin görüşü keçirilib. Görüşdə D.Gustafson Azərbaycan Hökuməti ilə FAO arasında yüksək səviyyəli əməkdaşlıq əlaqələrindən məmnunluğunu bildirib, azərbaycanlı rəsmilərin FAO-nun rəhbər orqanlarının tədbirlərində yaxından iştirakını yüksək qiymətləndirib.

Daniel Gustafson FAO-nun Azərbaycanda Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin açılmasını və Tərəfdaşlıq Proqramının yaradılmasını əməkdaşlığın yeni mərhələyə qədəm qoyması kimi dəyərləndirib.

Nazir müavini Seyfəddin Talıbov ölkədə aqrar sahədə və ərzaq təhlükəsizliyinin təmin edilməsində qazanılan nailiyyətlərdən, aparılan islahatların müsbət nəticələrindən və fermerlərə dövlət dəstəyinin ildən-ilə artmasından danışıb.

Görüşdə ikitərəfli əlaqələrin perspektivləri, o cümlədən FAO ilə Azərbaycan arasında Cənub-Cənub əməkdaşlığının inkişaf etdirilməsi, azərbaycanlı mütəxəssislərin iştirakı ilə regionda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasının dəstəklənməsi məqsədilə respublikamızın aqrar sahədə əldə etdiyi uğurlu təcrübələrin başqa ölkələrdə tətbiqinin vacibliyi, azərbaycanlı mütəxəssislərin təşkilatda təmsilçilik məsələsi müzakirə olunub.

Şura çərçivəsində nümayəndə heyəti üzv ölkələrdən olan nümayəndə heyətləri və müşahidəçilər arasında fikir mübadiləsi və müzakirələr platformasını təmin etmək məqsədilə keçirilən bir sıra paralel tədbirlərdə də iştirak edib.

Arxiv üzrə axtarış