2016-05-25

Səfir Məmməd Əhmədzadə etimad məktubunu BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktoruna təqdim etmişdir

 

 

 

Azərbaycan Respublikasının İtaliya Respublikasındakı səfiri Məmməd Əhmədzadə, eyni zamanda Azərbaycan Respublikasının BMT-nin Roma şəhərində agentlikləri yanında daimi nümayəndəsi təyin olunması ilə bağlı etimad məktubunu qərargahı Roma şəhərində yerləşən BMT-nin Ümumdünya Ərzaq Proqramının (ÜƏP) icraçı direktoru Ertarin Kazinə təqdim etmişdir.

Etimad məktubu təqdim edildikdən sonra səfir M.Əhmədzadə ilə icraçı direktor E.Kazin arasında görüş keçirilmişdir. ÜƏP-in icraçı direktoru Azərbaycanın son 15 il ərzində əldə etdiyi nailiyyətlərdən, xüsusən insan inkişafı indeksi üzrə əldə etdiyi mövqedən məmnunluğunu bildirmişdir. Azərbaycanla ÜƏP münasibətlərindən danışaraq əvvəllər Azərbaycanın ÜƏP yardımlarından yararlandığını qeyd etmiş, ölkənin iqtisadi və maliyyə imkanlarının artması ilə ÜƏP-in 2013-cü ildən Azərbaycanda öz yardım fəaliyyətini dayandırdığını və artıq ÜƏP-in Azərbaycana donor ölkəsi kimi baxdığını vurğulamışdır.

M.Əhmədzadə müstəqilliyin ilk illərindən Azərbaycanla ÜƏP arasında qurulmuş əməkdaşlıqdan, Azərbaycan hökuməti ilə bu qurum arasında mövcud olmuş yüksək səviyyəli görüşlərdən danışmış, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Azərbaycan torpaqlarının işğalı nəticəsində ölkəmizdə 1 milyondan artıq qaçqın və məcburi köçkünlərin formalaşdığı anda ÜƏP-ın ölkəmizə humanitar yardımlarının əhəmiyyətini qeyd etmişdir. M.Əhmədzadə Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətlər nəticəsində donor ölkəsinə çevrildiyi, son illər ölkəmiz tərəfindən beynəlxalq səviyyədə həyata keçirilən yardım və inkişafa dəstək siyasəti barədə məlumat vermiş, bu xüsusda ÜƏP ilə əməkdaşlığın əhəmiyyətini qeyd etmişdir.

Görüş zamanı Azərbaycan və ÜƏP arasında əlaqələrin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.

Arxiv üzrə axtarış