2016-04-15

İtaliyanın “L`Opinione” qəzeti Dağlıq Qarabağ münaqişəsinə dair məqalə yayıb

http://azertag.az/xeber/943470 

 

Aprelin 15-də İtaliyanın “L`Opinione” qəzetinin internet portalında tədqiqatçı-jurnalist Domeniko Letiziyanın “Dağlıq Qarabağ münaqişəsinə milli və beynəlxalq reaksiya” adlı məqaləsi yayılıb.

Müəllif məqalədə Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq üçün onu doğuran əsas səbəbin, yəni Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalına son qoyulmasının zəruri olduğunu, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində, BMT Baş Assambleyasının, Avropa Şurasının və Avropa Parlamentinin sənədlərində erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının qeyd olunduğunu vurğulayır.

Müəllif ermənilər tərəfindən yayılan təxribat xarakterli məlumatların dezinformasiya olduğunu və Azərbaycanın beynəlxalq humanitar hüquqa uyğun fəaliyyət göstərən nizami orduya malik olduğunu deyir. Ermənistan tərəfdən ASALA beynəlxalq erməni terror təşkilatının üzvlərinin döyüşdə iştirak etdiyinə dair sübutların mövcudluğunu qeyd edən müəllif Azərbaycanın işğal olunmuş torpaqlarının beynəlxalq nəzarətdən kənarda qalması səbəbindən ermənilərin həmin ərazilərdə qeyri-qanuni olaraq narkotik maddələr yetişdirdiyini və bundan əldə edilən vəsaitlə həmin ərazilərdəki erməni terror təşkilatlarını maliyyələşdirdiyini vurğulayır.

Yazıda Ermənistan tərəfindən münaqişənin dini kontekstdə təqdim edilməsi cəhdinə cavab olaraq, Azərbaycanın dünyəvi, tolerant, xristian və yəhudilərin sülh içində yaşadığı bir ölkə olduğu bildirilir. Azərbaycanın xristian aləmi ilə münasibətlərinin yüksək səviyyədə olması və cari ilin oktyabrında Papa Françeskonun ölkəmizə səfərinin nəzərdə tutulduğu diqqətə çatdırılır. Ölkəmizdə önəmli yəhudi icmasının yaşadığı, Azərbaycanın İsraillə yaxın əlaqələrinin olduğu vurğulanır.

Müəllif məqaləsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və təmas xəttində vəziyyətin gərginləşməsi ilə bağlı İtaliya parlamentinin üzvlərinin mətbuatda yaydıqları Azərbaycanın mövqeyini dəstəkləyən və münaqişə ilə bağlı BMT qətnamələrinin yerinə yetirilməsinin vacibliyinə çağıran bəyanatlarına geniş yer verib.

Sonda müəllif İtaliya hökumətinə münaqişə ilə bağlı qəbul olunmuş BMT qətnamələrinə əməl edilməsinə və bölgədə sülhün bərqərar olmasına töhfə verməklə bağlı çağırış edir.

Arxiv üzrə axtarış