Romada İtaliya-Avropa İttifaqı-Azərbaycan əlaqələri ilə bağlı tədbir keçirilir
Romada “İtaliya, Avropa İttifaqı və Azərbaycan arasında əlaqələr: enerji təhlükəsizliyi və xarici siyasət” adlı tədbir keçirilir.
İtaliya Asiya İnstitutunun (ISIA), Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) və “Bakı Politoloqlar Klubu” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən konfransda İtaliya parlamentinin və akademik dairələrin nümayəndələri, analitiklər və ekspertlər iştirak edirlər.
Çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-İtaliya münasibətlərinin hazırkı vəziyyətindən və əməkdaşlığın perspektivlərindən danışıb.
“Biz enerji və kommunikasiya məsələləri də daxil olmaqla, Avropa İttifaqı ilə qarşılıqlı əlaqələrin artırılmasında maraqlıyıq”, - deyə o qeyd edib.
Fərid Şəfiyev İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çiriellinin bəzi Aİ liderlərini Cənubi Qafqazdakı vəziyyət və Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı uzaqgörən şərhlərdən çəkinməyə çağıran bəyanatına diqqət çəkib.
“Rəsmi Romanın bu və digər müsbət addımları onu göstərir ki, İtaliya Avropa İttifaqının maraqlarını ayıq şəkildə nəzərə alan, rasional və sülhsevər ölkələrdən biridir”, - deyə BMTM-in rəhbəri vurğulayıb.
Tədbirdə İtaliya Deputatlar Palatasının Əmək məsələləri komitəsinin katibi Luka Skueri, İtaliya Asiya İnstitutunun vitse-prezidenti Sercio Divina çıxış edərək iki ölkə əməkdaşlığından məmnun olduqlarını bildirib, münasibətlərin daha da dərinləşdirilməsinin vacibliyini qeyd ediblər.