2023-11-28

Azərbaycan səfiri etimadnaməsini Malta Prezidentinə təqdim edib

 

Azərbaycanın Maltadakı səfiri Rəşad Aslanov etimadnaməsini bu ölkənin Prezidenti Corc Vellaya təqdim edib.

Qəbul zamanı səfir ilk olaraq Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını Malta Prezidentinə çatdırıb.

R.Aslanov Azərbaycanla Malta arasında xüsusən də enerji sahəsində uğurla davam edən əlaqələrin, iqtisadi, nəqliyyat, mədəniyyət və təhsil sahələri də daxil olmaqla daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu qeyd edib.

Səfir, həmçinin Malta Prezidentinə Azərbaycanın regionda sülhün tərəfdarı olduğu və bu istiqamətdə beynəlxalq hüquq çərçivəsində həyata keçirdiyi addımlar barədə məlumat verib.

Malta Prezidenti onun da səmimi salamlarını Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib. Yeni təyinatı ilə bağlı Rəşad Aslanovu təbrik edən Malta Prezidenti Azərbaycanın ölkəsi üçün həm ikitərəfli, həm də Avropa İttifaqı səviyyəsində mühüm tərəfdaş olduğunu bildirib.

Corc Vella ölkəsinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməkdə davam etdiyini, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində konstruktiv fəaliyyətin zəruriliyini vurğulayıb. Bundan əlavə, Prezident Maltanın Azərbaycanla enerji sahəsindən əlavə iki ölkənin xalqları arasında əlaqələrin möhkəmləndirilməsi üçün təhsil, mədəniyyət və turizm sahələrində də əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb.

 

Arxiv üzrə axtarış