APA - Dövlət katibi: “İtaliya işğal olunmuş ərazilərin Azərbaycana qaytarılmasını tələb edən BMT qətnamələrini həmişə dəstəkləyib”
“İtaliya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər zaman Birləşmiş Millətlər Təşkilatının (BMT) mövqeyini, yəni işğal olunmuş ərazilərin Azərbaycana qaytarılmalı olduğunu dəstəkləyib”.
XİN-dən APA-ya verilən xəbərə görə, bunu İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio Di Stefano “Agenzia Nova” xəbər agentliyinə müsahibəsində deyib.
“İtaliya həmişə ən müdrik, ən məntiqli və ən geniş yayılmış mövqeyi, yəni BMT-nin mövqeyini dəstəkləyib. Həmin ərazilərin 90-cı illərdə Ermənistan tərəfindən işğal edildiyini və Azərbaycana qaytarılmalı olduğunu bildirən bir çox qətnamələr var”, - deyə dövlət katibi bildirib.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki erməni icmasına münasibətdə isə M. Di Stefano qeyd edib: “Biz insan haqlarının qorunması, xristian icmalarının mühafizəsi baxımından həmin ərazidəki ermənilərin bütün hüquqlarına hörmət edilməsinin tərəfdarıyıq və mən bu xüsusda çox rahatam, çünki Azərbaycan çoxkonfessiyalı ölkədir. Bu barədə bizi dəfələrlə əmin ediblər”.
Münaqişənin nizamlanmasında Rusiyanın roluna münasibətdə İtaliya rəsmisi vurğulayıb ki, Rusiya Dağlıq Qarabağda böyük bir realpolitik nümayiş etdirib: “Çünki Ermənistanın həmişə bir növ Rusiyanın protektoratı olduğu doğrudur, lakin Rusiyanın Türkiyə ilə və bölgədəki enerji ilə əlaqəli iqtisadi münasibətlərinin olduğunu nəzərə alaraq, Azərbaycanın özü ilə də böyük bağlarının olduğu da həqiqətdir”.
Di Stefano əlavə edib ki, son imzalanan sənəddən başa düşüldüyü kimi regionun ətrafındakı işğal olunmuş ərazilərin və şimal hissəsində erməni icmasının qalmasına zəmanət verilməsi ilə Dağlıq Qarabağın qaytarılması xarici siyasətdə yeni geosiyasi vəziyyətin formalaşmasına dəlalət edir: “Türkiyə bu baxımdan getdikcə daha çox əhəmiyyət kəsb edən bir aktordur və ikinci NATO ordusundan bəhs etdiyimizə görə özümüzdən Qərbin və NATO-nun hansı mövqedə dayandığını soruşmalıyıq. İnanıram ki, Türkiyə ilə bağlı bunu asanlıqla əsaslandıra bilərik, amma bir sualla qarşılaşırıq: bu gün NATO-nun tərkibi necədir və NATO siyasətini necə ümumi hala gətiririk? Bu, asan cavabı olmayan vacib bir sualdır”.