2019-10-15

Milli Məclisin Mətbuat xidməti - İtaliya Senatının nümayəndə heyəti Milli Məclisdə

Oktyabrın 15-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkəmizdə səfərdə olan İtaliya Senatının Xarici əlaqələr daimi komissiyasının sədri Vito Petroçellinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

Qonaqları səmimiyyətlə salamlayan komitə sədri ölkələrimiz arasındakı dostluq və əməkdaşlıqdan söz açdı. Qeyd etdi ki, strateji əhəmiyyət daşıyan Azərbaycan-İtaliya əlaqələri yüksələn xətlə inkişaf edir. Milli Məclisin İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu münasibətlərin dərinləşməsi istiqamətində var gücü ilə çalışır.

Səməd Seyidov Azərbaycanın tarixən Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə olduğu, müstəqillik dövründə əldə edilmiş siyasi-iqtisadi uğurlar və demokratik institutların bərqərar olması, həmçinin Ermənistanın təcavüzü nəticəsində qarşılaşdığımız Dağlıq Qarabağ problemi barədə qonaqlara ətraflı məlumat verdi, beynəlxalq təşkilatlarda ölkəmizin mövqeyini dəstəklədiklərinə görə İtaliya Senatına minnətdarlıq bildirdi.

İtaliya Senatının Xarici əlaqələr daimi komissiyasının sədri Vito Petroçelli Azərbaycana dəfələrlə gəldiyini, lakin bu vəzifədə ilk dəfə  səfər etdiyini bildirdi. Ölkəmiz barədə ətraflı məlumata malik olduğunu qeyd etdi. Əlaqələrin daha da dərinləşməsi üçün bütün imkanlarından istifadə edəcəyini söylədi. Həm Azərbaycanın, həm də İtaliyanın yerləşdikləri bölgələrdə böyük geosiyasi əhəmiyyətə malik olduqlarını vurğuladı. Azərbaycanda 1918-ci ildə, İtaliyada isə 1946-cı ildə qadınlara seçki hüququ verildiyini nümunə gətirərək əməkdaşlığı genişləndirməyin qarşılıqlı faydalı olacağını diqqətə çatdırdı. Cənab Petroçelli hərtərəfli əməkdaşlığın inkişafı üçün müxtəlif səviyyələrdə ikitərəfli görüşlərin təşkilinin çox böyük töhfələr verəcəyinə əminlik ifadə etdi. 

Söhbət zamanı İtaliya Senatı nümayəndə heyətinin başçısı Vito Petroçelli bir daha nəzərə çatdırdı ki, onun ölkəsi Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir.

Görüşdə Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli, Azərbaycan Respublikasının İtaliyadakı fövqəladə və səlahiyyətli  səfiri Məmməd Əhmədzadə, digər rəsmi şəxslər iştirak edirdilər.

Mənbə: Milli Məclisin Mətbuat xidməti

Arxiv üzrə axtarış