2018-01-25

Romanın Sapienza Universitetində Azərbaycanla bağlı konfrans keçirilmişdir

24 yanvar tarixində Romanın Sapienza Universitetində Roma Sapienza Fondu, eləcə də həmin universitetin Kommunikasiya və Sosial Araşdırmalar Departamentinin təşkilatçılığı ilə “İtaliyada  Azərbaycanla bağlı araşdırmalar: mövzular və perspektivlər” adlı akademik konfrans keçirilmişdir.

Konfransı giriş sözü ilə açan Sapienza Universitetinin rektoru Eugenio Qaudio Azərbaycan və İtaliya arasında bütün sahələrdə sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu, son illərdə İtaliyada, xüsusilə Sapienza Universitetdə təhsil alan azərbaycanlı tələbələrinin sayının əhəmiyyətli dərəcədə artdığını və rəhbərlik etdiyi Universitetdə Azərbaycanla bağlı konfransın keçirilməsindən məmnun olduğunu və belə tədbirlərin iki ölkə arasında münasibətlərin inkişafına töhfə verdiyini demişdir.

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə öz çıxışında ölkəmizin tarixi, hazırkı reallıqları, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti” ili elan edildiyi, Azərbaycanın bu il müstəqilliyin bərpasının 27-ci ilini qeyd edəcəyini və bu illər ərzində ölkəmizin əldə etdiyi uğurlar, eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kimi mövzulara toxunmuşdur. Azərbaycan-İtaliya münasibətlərindən də danışan diplomat ötən il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd edildiyini və münasibətlərdə əldə olunmuş nəticələr və perspektivlər barədə fikirlərini bölüşmüşdür.

Daha sonra Roma Sapienza Fondunun sədri Antonello Biagini, Universitetin Avropa Tarixi Doktoranturasının kordinatoru Alessandro Saggioro, habelə Əməkdaşlıq və İnkişaf Proqramının rəhbəri Marko Kilento çıxış edərək Azərbaycan haqqında həqiqətlərin, ölkənin inkişafı, İtaliya ilə münasibətləri və beynəlxalq münasibətlərdəki rolunun öyrənilməsi baxımında konfransın əhəmiyyətini qeyd etmişlər.  

Qeyd edək ki, konfrans dörd paneldən, müvafiq olaraq Hüquq, Tarix, Sosial və Siyasi Elmlər və Azərbaycanla bağlı araşdırma aparan doktorantlar hissələrindən ibarət olmuşdur. Bu panellərdə Ermənistan-Azərbaycan münaqişəsinin hüquq aspektləri, Azərbaycanın tarixi, enerji siyasəti, Türkiyə, İran, Rusiya, regionun digər ölkələri, ABŞ  və Aİ ilə münasibətləri, ictimai diplomatiya, Azərbaycanda sosial rifah və  Azərbaycan ədəbiyyatı, İtaliyada Azərbaycanla bağlı nəşr olunan kitablar kimi mövzular üzrə çıxışlar olmuşdur.

Tədbirdə İtaliyada Azərbaycanla bağlı araşdırma aparan tədqiqatçılar iştirak etmişlər.

Arxiv üzrə axtarış