2017-02-22

Siena Universitetində Xocalı soyqırımının 25-ci ildönümü anılmışdır

Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində Azərbaycanın İtaliyadakı Səfirliyi, Avropa Azərbaycan Cəmiyyəti (TEAS) və İtaliya-Azərbaycan Gənclər Assosiasiyasının birgə təşkilatçılığı ilə İtaliyanın Siena şəhərində yerləşən Siena Universitetində Xocalı qətliamının qurbanlarına ithaf olunan və bir çox beynəlxalq mükafatlara layiq görülmüş “Sonsuz dəhliz” (“Endless Corridor”) adlı sənədli film nümayiş etdirilmişdir. Tədbirdə Siena meriyasının təmsilçiləri, tədqiqatçılar, şəhər ictimaiyyətinin nümayəndələri və tələbələr iştirak etmişlər.

Tədbirdə çıxış edən AR-in İtaliyadakı Səfirliyinin birinci katibi Erkin Heydərli Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri, Xocalı soyqırımının bu təcavüzün kulminasiyası olması barədə məlumat vermişdir. Daha sonra Xocalı soyqırımına dünya ictimaiyyəti tərəfindən layiqli hüquqi-siyasi qiymətin verilmədiyini bildirən diplomat, Azərbaycan hökumətinin, xüsusən də “Xocalıya Ədalət” kampaniyasının bu istiqamətdə göstərdiyi fəaliyyət barədə danışmış və elə bu tədbirin də bu çərçivədə həyata keçirildiyini bildirmişdir.

Daha sonra çıxış edən Sapienza Universitetinin müəllimi Daniel Pommier ölkəmiz, onun tarixi, Ermənistan-Azərbaycan münaqişəsi və Xocalı Soyqırımı hüquqi və elmi aspektləri barədə geniş məruzə ilə çıxış etmişdir. D.Pommier həmçinin Azərbaycanın ümummilli lideri Heydər Əliyevin ölkənin dövlət quruculuğunda oynadığı həlledici rolu və son illərdə iqtisadiyyat, sosial-humanitar və demokratikləşmə sahəsində əldə edilmiş nailiyyətləri xüsusi vurğulamışdır.

Siena Universitetinin professoru Alessandro Donato Xocalı soyqırımı ilə bağlı eşitdiklərindən mütəəssir olduğunu və beynəlxalq ictimaiyyətin soyqırımla bağlı az məlumatlı olduğunu təəssüf etdiyini qeyd edərək, gələcəkdə bu kimi bəşəriyyət əleyhinə cinayətlərin qarşısının alınması üçün Xocalı soyqırımına layiqli qiymət verilməsinin zəruriliyini vurğuladı.

Nitqlərin ardınca qeyd olunan sənədli film nümayiş etdirilmişdir.

Filmin təqdimatı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilib və hər il dünyanın müxtəlif yerlərində təbliğat-təşviqat tədbirlərini keçirən “Xocalıya ədalət” kampaniyası çərçivəsində və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə təşkil edilib. Tanınmış prodüser Aleksandras Brokas və nüfuzlu "Grammy Award" mükafatçısı Cerald Rafşun tərəfindən çəkilmiş bu film Xocalı dəhşətlərinin şahidi olan iki xarici jurnalistin faciədən 20 il sonra yenidən Azərbaycana səfər edərək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşməsi və onların bölüşdüyü xatirələr, eləcə də Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibələri əsasında qurulub.

Filmin nümayişindən sonra tarzən Fəxrəddin Qafarov və gənc ifaçı Nofəl Aslanovun ifasında həzn musiqi ifa edilmişdir.

Arxiv üzrə axtarış