2016-12-15

2016-cı il Azərbaycan-İtaliya əlaqələrinin dərinləşməsində mühüm hadisələrlə yadda qalır

Romadakı "Dioscuri" teatrında İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun təşkilatçılığı və İtaliya-Azərbaycan Ticarət Palatası, Azərbaycan Respublikasının Kataniyadakı fəxri konsulluğu və "Sinergitaly" Assosiasiyasının dəstəyi ilə 2016-cı ilin yekunlarına həsr edilmiş tədbir keçirilib.

Tədbirdə dostluq qrupuna üzv olan senatorlar və deputatlar, İtaliyanın işgüzar, elmi, mədəni, akademik dairələrinin və KİV-lərin nümayəndələri iştirak ediblər.

Dostluq qrupunun rəhbəri senator Sercio Divina tədbirdə çıxış edərək möhkəm və etibarlı dayaqlar üzərində qurulmuş İtaliya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olması, əlaqələrin siyasi, iqtisadi, mədəni və digər istiqamətlər üzrə inkişaf etməsi barədə məlumat verib. Rəhbərlik etdiyi və tərkibinə 70-dən çox parlamentarinin daxil olduğu dostluq qrupunun fəaliyyətinə toxunan S.Divina qrupun hər bir üzvünün Azərbaycanın İtaliyada sözçüsü olduğunu deyib.

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə təşkilatçılara minnətdarlığını bildirib, İtaliya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğulayıb. Səfir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-2015-ci illərdə İtaliyaya səfərlərinin əlaqələrin inkişafına böyük təkan verdiyini diqqətə çatdırıb. 2016-cı ilin iki ölkə arasında əlaqələrin dərinləşməsində mühüm hadisələrlə yadda qaldığını, il ərzində İtaliyanın xarici işlər naziri qismində hazırkı Baş naziri Paolo Centiloninin, Nazirlər Şurasının dövlət katibi Klaudio Di Vinçentinin, təhsil naziri Stefania Cianninin ölkəmizə, Azərbaycanın energetika naziri, Azərbaycan-İtaliya İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının həmsədri Natiq Əliyevin İtaliyaya səfərlərinin həyata keçirildiyini, Romada Azərbaycan-İtaliya İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının iclasının və İtaliya-Azərbaycan biznes-forumunun keçirildiyini bildirib.

M.Əhmədzadə iki ölkənin parlamentləri arasında səmərəli əməkdaşlığın mövcud olduğunu, cari il ərzində İtaliyadan bir sıra parlament nümayəndə heyətlərinin Azərbaycana səfərlərinin həyata keçirildiyini deyib. İki ölkə arasında iqtisadi, mədəniyyət, təhsil sahələrində əməkdaşlıqdan danışan diplomat bu xüsusda il ərzində səfirlik tərəfindən təşkil olunmuş tədbirlər barədə də məlumat verib.

Diplomat çıxışında il ərzində ölkəmizdə sosial-iqtisadi inkişafın davamlılığının təmin olunması istiqamətində atılan addımlar, Azərbaycanda həyata keçirilmiş beynəlxalq əhəmiyyətli tədbirlər, regional sabitlik və əməkdaşlığın təşviqi istiqamətində ölkəmizin irəli sürdüyü təşəbbüslər haqqında danışıb.

Çıxışının sonunda M.Əhmədzadə gələn il Azərbaycan və İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünün qeyd ediləcəyini, iki ölkənin növbəti illərə möhkəm dayaqlar üzərində qurulmuş əlaqələrlə getdiyini bildirib, habelə iştirakçıları qarşıdan gələn Milad bayramı və Yeni il münasibətilə təbrik edib.

Tədbir ziyafətlə davam edib.

http://azertag.az/xeber/1021757

Arxiv üzrə axtarış