2016-12-10

İtaliya ictimaiyyəti Azərbaycan həqiqətləri barədə məlumatlandırılıb

İtaliyanın geosiyasət və xarici siyasətlə bağlı xəbər saytı “Notizie Geoplotiche” Azərbaycanın bu ölkədəki səfiri Məmməd Əhmədzadənin müsahibəsini yayıb.

Jurnalist Culiano Bifolkinin İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Paolo Centiloninin Azərbaycana səfərinin yekunlarına dair sualına cavabında səfir Azərbaycan-İtaliya münasibətlərinin strateji tərəfdaşlıq xarakteri daşıdığını söyləyib. O, bunun Paolo Centiloninin Azərbaycana səfəri zamanı bir daha təsdiq olunduğunu, səfər vaxtı nazirin Prezident İlham Əliyev tərəfindən qəbul edildiyini və digər görüşlər keçirdiyini, ikitərəfli münasibətlərə, regional və qlobal məsələlərə dair müzakirələr aparıldığını deyib. Səfir nazir P.Centilonini Azərbaycana səfərdə çoxsaylı italyan şirkətlərinin müşayiət etdiyini, bu səfərin cari ilin iyununda Romada keçirilmiş Azərbaycan-İtaliya Hökumətlərarası Komissiyasının 4-cü iclası və biznes-forumunun nəticələri üzrə görülən işlərin müzakirəsi üçün də əhəmiyyətli olduğunu vurğulayıb.

Azərbaycan və İtaliya arasında geniş iqtisadi əlaqələrin mövcudluğunu bildirən diplomat uzun illərdir ki, İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından olduğunu, Azərbaycanın isə İtaliyanın əsas neft təchizatçılarından olduğunu, ölkəmizdə enerji, infrastruktur, sənaye sahələrində çoxsaylı italyan şirkətlərinin önəmli layihələrə cəlb olunduğunu, son illərdə Azərbaycanda İtaliya istehsalı olan yüksək keyfiyyətli istehlak və sənaye mallarına tələbatın daha da artdığını deyib. M.Əhmədzadə “Cənub Qaz Dəhlizi”, o cümlədən TAP layihələrinin iki ölkə arasında əlaqələrin daha da genişlənməsi və İtaliya iqtisadiyyatına töhfələri barədə danışıb. İqtisadi əlaqələrin perspektivinə münasibətdə diplomat italyan biznesini enerji sektoru ilə yanaşı, ölkəmizin qeyri-neft sektorundakı imkanlardan bəhrələnməyə, habelə strateji mövqeyə, müasir logistika və nəqliyyat infrastrukturuna malik Azərbaycanı daha geniş bazarlara çıxış üçün körpü kimi dəyərləndirməyə çağırıb.

Jurnalistin Ermənistan-Azərbaycan münaqişəsinin həlli imkanlarına dair sualına cavab olaraq diplomat münaqişənin tarixi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələri, beynəlxalq təşkilatların münaqişəyə dair qəbul etdiyi sənədlər, erməni tərəfinin iddialarının beynəlxalq hüquqa zidd olması, münaqişənin nizamlanması ilə bağlı ölkəmizin mövqeyi barədə danışıb. Münaqişənin nizamlanması üçün Ermənistan ordusunun işğal olunmuş ərazilərimizdən çıxarılmasının vacibliyini bildirən diplomat əlavə edib ki, Ermənistan aprel ayında baş vermiş hadisələrdən dərs almalı, status-kvonun dəyişdirilməsinin vacibliyini qəbul etməli, habelə beynəlxalq ictimaiyyəti aldatmağı və danışıqlarda imitasiya etməyi dayandırmalı, substantiv danışıqlara başlamaq üçün konstruktivlik nümayiş etdirməlidir.

Azərbaycanın uğurlarından, müstəqil siyasətindən və beynəlxalq səviyyədə artan rolundan narahat olan antiazərbaycan qüvvələrin və onların əlaltısı olan erməni lobbisinin ölkəmizə qarşı təxribatçı kampaniya apardığını bildirən diplomat həmin qüvvələrin İtaliyada Azərbaycana qarşı təxribatlarının onların İtaliya-Azərbaycan yüksək səviyyəli əlaqələrinə dözümsüzlüyündən də qaynaqlandığını deyib. Diplomat Ermənistanın təcavüzü nəticəsində qaçqın və məcburi köçkün düşmüş bir milyon azərbaycanlının hüquqlarını, Ermənistan ordusunun azərbaycanlı əhaliyə qarşı törətdiyi müharibə cinayətlərini və digər ağır cinayətləri, eləcə də Azərbaycanın müstəqillik dövründə siyasi, iqtisadi və sosial sahədə əldə etdiyi uğurları, habelə ölkəmizin dünyada sülhün, sabitliyin, əməkdaşlığın, multikulturalizmin, rifahın təşviqinə verdiyi töhfələri görməzdən gəlməyin ikili standartlar olduğunu söyləyib.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

 

http://azertag.az/xeber/1018916

Arxiv üzrə axtarış