Leyla Əliyeva FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri ilə görüşüb
İyunun 24-də Heydər Əliyev Fondunun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak ilə görüşüb.
Görüşdə FAO-nun Azərbaycandakı fəaliyyəti, IDEA və FAO arasında əməkdaşlıq, qabaqcıl beynəlxalq təcrübənin ölkəmizdə tətbiqi, regional və beynəlxalq layihələrdə iştirak və digər məsələlər müzakirə olunub. M.Çakmak rəhbərlik etdiyi ofis tərəfindən Azərbaycanda həyata keçirilən layihə və proqramlar barədə məlumat verib, FAO-nun gələcək planlarından danışıb. O, Azərbaycanda son dövrlərdə müşahidə olunan iqtisadi inkişafın ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsinə də müsbət təsir göstərdiyini bildirib. Qeyd olunub ki, Azərbaycan aclıq və qida çatışmazlığı problemini yaşamayan nadir dövlətlər sırasındadır.
Leyla Əliyeva FAO tərəfindən həyata keçirilən proqram və layihələrdə ekoloji təmiz və ətraf mühitə həssas yanaşmanın təşviq edilməsinin təşəbbüslərin davamlılığı baxımından əhəmiyyət kəsb etdiyini bildirib. Qeyd edib ki, bu xüsusda, “yaşıl texnologiya”nın tətbiqini təbliğ etmək, yerli mütəxəssislər və fermerlər üçün xüsusi təlimlər təşkil etmək zəruridir. Leyla Əliyeva, həmçinin layihələrin uğurunu tam təmin etmək üçün dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti nümayəndələrinin və yerli icmaların da layihələrdə iştirakını təklif edib.
Görüş zamanı, həmçinin Mədəniyyətlərarası Dialoq üzrə Bakı Prosesi çərçivəsində ərzaq təhlükəsizliyinin qlobal müstəvidə təşviqi məsələsi müzakirə edilib. FAO və BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) arasında 2013-cü ildə imzalanmış Anlaşma Memorandumunda bu məsələ bilavasitə əks olunub.
Leyla Əliyeva UNAOC və FAO arasında əməkdaşlığı dəstəklədiyini və FAO-nun xoşməramlı səfiri qismində ərzaq təhlükəsizliyi və sağlam qidanı həm regional, həm də beynəlxalq səviyyədə təbliğ etməyə hazır olduğunu bildirib. Vurğulayıb ki, bu fəaliyyət BMT-nin 2030 gündəliyi, xüsusilə də yoxsulluq və aclıqla mübarizə baxımından əhəmiyyət daşıyır.
Tərəflər birgə fəaliyyətlə bağlı görüş və məsləhətləşmələri mütəmadi əsaslarla davam etdirmək barədə razılaşıblar.