2016-04-28

Məşhur müğənni Eros Ramazzotti Bakıda konsert proqramı ilə çıxış edib

http://azertag.az/xeber/946787

 

Dünyaca məşhur müğənni Eros Ramazzotti Bakıda ilk dəfə konsert proqramı ilə çıxış edib.

Özünəməxsus tərzdə ifası ilə seçilən məşhur müğənninin “Baku Crystal Hall”da keçirilən konserti “Rerfetto” dünya turu çərçivəsində baş tutub.

AZƏRTAC xəbər verir ki, Eros Ramazzotti Bakı konsertində ən məşhur mahnılarını ifa edib. O, Azərbaycana gəlməzdən əvvəl bildirib ki, ölkəmizə səfərindən və yeni auditoriya qarşısında çıxış etməkdən olduqca məmnundur. Hər zaman konsertlərində gözəl musiqi və unikal şou təqdim edən Eros Ramazzotti azərbaycanlı pərəstişkarlarına da unudulmaz gecə bəxş edib. Milyonların sevimlisi Eros Ramazzotti populyar bəstələri ilə yanaşı, yeni “Rerfetto” albomuna daxil olan mahnılarını da səsləndirib.

Müğənninin “Rerfetto” albomu 38 ölkədə “Ən yaxşı 20-lər” sırasında daxil olub.

1963-cü ildə Romada anadan olan Eros Ramazzotti müğənni və bəstəkar kimi insanların qəlbini fəth edib. İfaçı 30 ildən çoxdur ki, İtaliyanın ən məşhur müğənniləri sırasındadır. Onun mahnıları İtaliya, Almaniya, Avstriya və Avropanın bir sıra ölkələrində musiqi hitlərinə liderlik edib. Albomlarının çoxu italyan və ispan dillərindədir. O, Adriano Çelentano, Luçano Pavarotti, Tina Tyorner, Riki Martin, Ani Lorak və digərləri ilə duet oxuyub. 1982-ci ildə ilk mahnısını təqdim edən bəstəkar-müğənni iki il sonra San-Remo festivalında çıxış edib. Bu günədək onun 13 albomu işıq üzü görüb. Eros Ramazzottinin vokal imkanları və ifa tərzi müğənnini dünyada milyonların sevimlisinə çevirib. Təsadüfi deyil ki, onu “Dünyanın musiqi səfiri” adlandırırlar. E.Ramazotti ifaları ilə insanlara sevgi, dünyaya isə sülh bəxş etmək istəyir.

Arxiv üzrə axtarış